...

Xətai rayonunda 4 küçə təmir olunub (FOTO)

İqtisadiyyat Materials 14 Avqust 2020 13:41 (UTC +04:00)

Bakı. Trend:

2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən Xətai rayonu ərazisində təmirə ehtiyacı olan 22.8 km uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Xətai rayonunun Qaçaq Nəbi, Məzahir Rüstəmov, Xudu Məmmədov, N.Tusi, S.Ə.Şirvani, İnqlab İsmayılov, General Ə.Şıxlinski, Admiral Naximov, Yavər Əliyev, Musazadə, Sovxoz, R.Bağırov, Qafaqaz, İ.Həbibov, A.Novruzov və Zeytun küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq bir-neçə küçədə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb və yeni yol infrastrukturu vətəndaşların istifadəsinə verilib.

Təmir-tikinti işləri çərçivəsində Xətai rayonu üzrə 700 metr uzunluğa malik Qaçaq Nəbi, 1400 metr uzunluğunda olan Məzahir Rüstəmov, 1100 metrlik Seyid əzim Şirvani və 600 metr uzunluğu olan Yavər Əliyev küçələri yenidən qurulub.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Daha sonra küçələrə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub, küçələr zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi verilib.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrdən hesab olunan, nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik İnqilab İsmayılov, həmçinin Admiral Naximov küçələrində yenidənqurma işlər davam etdirilir. İnqilab İsmayılov küçəsinin uzunluğu 4100 metr, Admiral Naximov küçəsinin uzunluğu isə 2800 metr təşkil edir.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Xətai rayonu ərazisində 17.7 km uzunluğunda olan 14 adda küçə və yol təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti