...

KOBİA Azərbaycana Birgə Yardım Təşkilatı ilə əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 21 Dekabr 2020 18:17 (UTC +04:00)
KOBİA Azərbaycana Birgə Yardım Təşkilatı ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə sosial sahibkarlığın inkişafını təşviq edir, bu sahədə müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirir.

KOBİA-dan Trend-ə bildirilib ki, dekabrın 21-də agentlik və Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan – UAFA) arasında ölkədə qadın sahibkarlığının inkişafına dəstək istiqamətində əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və UAFA-nın rəhbəri xanım Qven Börçell imzalayıblar.

Niyyət protokoluna uyğun olaraq, regionlarda qadın sahibkarlığın inkişafı və məşğulluğunun genişləndirilməsinə, onların biznes bacarıqlarının gücləndirilməsi və maarifləndirilməsinə, özəl sektorda inklüziv və keyfiyyətli məktəbəqədər tədris proqramlarının təşkilinə, eləcə də UAFA-nın “Məktəbim” Proqramına dəstək göstərilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi və bu sahədə innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətlərində birgə tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimi çərçivəsində keçirilmiş görüşdə agentliyin sosial sahibkarlıq sahəsində həyata keçirdiyi tədbirlər və layihələr barədə məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. Agentliyin təsis etdiyi “BİRGƏ” MMC-nin dəstəyi ilə “Qobu park 3” yaşayış kompleksində reallaşdırılmış sosial və biznesyönümlü müəssisələrin, “Bakı Abadlıq Xidməti” MMC ilə birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin biznes potensialı diqqətə çatdırılıb, KOBİA-nın bu ərazilərdə sosial biznes təşəbbüslərinin dəstəklənməsində maraqlı olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti