Bakı. Samir Əli - Trend:
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fındıq sahələrinin sığortalanması şərtləri açıqlanıb.
Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə fındıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Hazırda fındıq Azərbaycanın əksər rayonlarında, xüsusilə Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində – Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Oğuz, Xaçmaz, Qusar, Quba rayonlarında əkilir.
Fındıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün fındığın 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, fındığın bir hektarı üçün məhsuldarlıq norması 0,1-135 sentner arasında, qiymət isə 350-550 manat/sentner arasında müəyyən edilib.
Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Məhsuldarlıq (Sentner/ha) |
Qiymət (AZN/ Sentner) |
|
Minimum |
0,1 |
350 |
Maksimum |
135 |
550 |
Fındıq sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Zaqatalada (Şəki-Zaqatala) əkin sahəsi – 5 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 12 sentner, 1 sentner məhsulun bazar qiyməti 360 manat olduqda
Sığorta məbləği = 5 x 12 x 360 = 21 600 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində fındığın sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər.
Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf fındığı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
dolu;
yanğın;
zəlzələ;
torpaq sürüşməsi;
qasırğa;
fırtına;
üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf fındığı bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
bitki xəstəlikləri və zərərvericilər;
xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
Bu sığorta zərflərinin seçilməsi fermer və ya fındıq bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.
Fındıq sahəsinin sığortalanması üçün tariflər və sığorta haqları
Fındığın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
1-ci (baza) sığorta zərfi |
2-ci sığorta zərfi |
|
İqtisadi rayonlar |
· dolu; · yanğın; · zəlzələ; · torpaq sürüşməsi; · qasırğa; · fırtına; · üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat |
· bitki xəstəlikləri və zərərvericilər; · xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat |
Azadolma |
10 % |
30% |
Gəncə-Qazax |
4,84% |
2% |
Aran |
1,57% |
2% |
Quba-Xaçmaz |
1,31% |
2% |
Şəki-Zaqatala |
3,21% |
2% |
Dağlıq Şirvan |
2,24% |
2% |
Lənkəran |
1,31% |
2% |
Abşeron |
1,31% |
2% |
Yuxarı Qarabağ |
1,96% |
2% |
Göründüyü kimi, fındığın sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Məsələn, fındığın son illər geniş əklildiyi Quba-Xaçmaz zonasında da tariflər cəmi 1,31%-dir.
Ayrı-ayrı bölgələrdə fındıq sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:
Misal 1: Zaqatalada (Şəki-Zaqatala regionu) əkin sahəsi – 5 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 12 sentner, 1 sentner məhsulun bazar qiyməti 360 manat olduqda
Sığorta haqqı = 21 600 manat X 3,21% = 693 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 21 600 manat olan məhsulun sığortalanması üçün fermer cəmi 346,5 manat və ya hər hektara cəmi 69,3 manat ödəyir.
Misal 2: Xaçmazda (Quba-Xaçmaz regionu) əkin sahəsi – 5 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 12 sentner, 1 sentner məhsulun bazar qiyməti 360 manat olduqda
Sığorta haqqı = 21 600 manat X 1,31% = 283 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 21 600 manat olan məhsulun sığortalanması üçün fermer cəmi 141,5 manat və ya hər hektara cəmi 28,3 manat ödəyir.
Göründüyü kimi, Quba-Xaçmaz regionundakı fındıq bağlarının sığortalanması Şəki-Zaqatala bölgəsi ilə müqayisədə təqribən 2,5 dəfə daha ucuz başa gəlir. Tariflərdəki bu fərq həmin bölgələrin iqlim şəraiti və təbii riskləri ilə bağlıdır.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlərə sığorta haqqı güzəştləri
Fındıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Fındıq sahələrinin sığortalanması üçün müraciətlər başlayıb
Aqrar Sığorta Fondundan verilən məlumata görə, fındıq sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları fındıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu may ayının 10-dək davam edəcək.
Mayın 10-dək edilən müraciətlərdə fındıq sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. May ayının 10-dan iyunun 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə fındıq sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.