...

AÇG üzrə əməliyyat məsrəflərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 6 Avqust 2021 11:14 (UTC +04:00)
AÇG üzrə əməliyyat məsrəflərinin həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin birinci yarısı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təxminən 266 milyon dollar əməliyyat məsrəfləri və 846 milyon dollardan artıq əsaslı məsrəflər xərclənıb.

BP-dən Trend-ə verilən məlumata görə, COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.

İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam etmişdir. Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri ikinci rübdə başa çatmışdır.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi. Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanmışdır. Yaşayış modulları Bakıya çatdırılmış, quraşdırma sahəsində boşaldılmış və ilk üç modul artıq öz mövqeyinə qaldırılmışdır.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam etmişdir. Mərkəzi dayaq çərçivələrinin qaynaq işləri irəliləmiş və dayaq blokunun barjın üzərinə sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanmışdır.

İkinci rüb ərzində həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləmişdir. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.

Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

2021-ci ilin birinci yarısında AÇG yatağında səmərəli hasilatı maksimuma çatdırmaq üçün məhsuldar layları daha yaxşı öyrənmək və hasilat və suvurma fəaliyyətlərini daha dəqiq planlaşdırmaq məqsədilə AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılmışdır. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilmişdir. Tədqiqat zamanı ekipajlı gəmilərdən əlavə, həmçinin özü idarə olunan suüstü gəmi və məsafədən idarə olunan kiçik ölçülü sualtı qurğudan da istifadə edilib.

Twitter: @ElchinMehdiyev

Xəbər lenti

Xəbər lenti