Bakı. Samir Əli - Trend:
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 191 adda aktiv maddəni əhatə edən pestisidlərin ölkə ərazisində istifadəsinə qadağa qoyub.
Trend-in məlumatına görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında bildirib.
Agentlik sədri deyib ki, Rusiya Federasiyasının "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" Qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 2021-ci il 29 iyun tarixindən qüvvəyə minib:
"Qanundan irəli gələrək Agentlik və Rusiyanın müvafiq qurumu (Rosselxoznadzor) arasında saziş bağlanması nəzərdə tutulub. Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiya Federasiyasında qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur".
Q.Təhməzli bildirib ki, ölkəyə yalnız dövlət qeydiyyatına alınmış pestisidlər və aqrokimyəvi maddələr idxal olunmalıdır.