...

Dünya bazarında qiymət artımlarının səbəbləri - ŞƏRH

İqtisadiyyat Materials 21 Dekabr 2021 16:31 (UTC +04:00)
Dünya bazarında qiymət artımlarının səbəbləri - ŞƏRH

Bakı. Elçin Mehdiyev - Trend:

Dünya əhalisinin 11%-i, yəni 800 milyon insan aclıq çəkir. Aclıq çəkənlərin sayı hər il 1,5% artmaqdadır, BMT bu barədə həyəcan təbili çalır. Bu gün dünya əhalisinin 40%-i, yəni 3 milyard insan sağlam qidalana bilmir. Pandemiyanın təsirindən daha 140 milyondan çox insan bu kateqoriyaya əlavə olunub.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, BMT hər bir insan üçün daha yaxşı bəslənmə, mühit və həyatı təmin edən qida sistemləri vasitəsi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dəyişikliyə aparan addımlar atmaq öhdəliyini götürməyə çağırış edir.

“BMT və dünya ictimaiyyətinin qarşıya məqsəd qoyduğu 2030-cu ilədək dünyada aclığın kökünün kəsilməsi hədəfi hazırkı vəziyyət və proqnozlara görə yalnız ciddi səylər əsasında mümkün ola bilər. Bunun üçün isə ilk növbədə, ərzaq məhsullarının əlçatan olması təmin edilməli və qeyri-ədalətli bölgü aradan qaldırılmalıdır.

2021-ci il dünya bazarlarında ərzaq və istehlak mallarının qiymətlərində kəskin bahalaşmalar müşahidə olunub. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 8 dekabrdakı açıqlamasında bu məhsulların qiymət artımları haqqında müqayisəli təhlili verilib.

Belə ki, taxıl məhsullarının qiyməti oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2%, süd məhsulları 19,1%, tərəvəz yağlarında rekord artım, ət məhsulları 17,6%, şəkər məhsulları 40%, xam neftin qiyməti 40%, benzinin qiyməti 50%-ə yaxın artıb. Qlobal bazarlarda son bir ildə qiymət atımına təsir edən bir sıra amillər mövcuddur”, - deyə A.Badamov bildirib.

Onun sözlərinə görə, birincisi, qlobal pandemiyanın qiymət bazarına təsirləri daha da çoxalıb.

“Qlobal pandemiya elan olunanadan sonra bir çox ölkələrin sərhədləri bağlanıb, ölkələrdə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində bir çox istehsal sahələrinin fəaliyyəti aşağı düşüb, dünyada istehsal olunan mal və məhsulların həcmi azalıb. Nəticədə isə tələb təklifi üstələyib və dünya bazarlarında istehlak mallarına təlabat kəskin artıb. Dünyada pandemiya ilə əlaqədar tətbiq olunmuş sərt məhdudiyyətlərdə müəyyən qədər yumşalamlar müşahidə olunsa da, istehlak mallarının istehsalı sahələri pandemiyaya qədər olan dövründəki istehsal güclərini bərpa etdirə bilməyib.

Getdikcə nəqliyyat vasitələrin hərəkəti bərpa olunur. Bu da neft və neft məhsullarına kəskin təlabatın yaranmasına gətirib. Ona görə də dünya bazarlarında neft qiymətinin 40%, bezinin isə 50%-ə qədər artmasına səbəb olub”, - deyə A.Badamov bildirib.

O qeyd edib ki, qiymət artımına səbəb olmuş ikinci amil isə iqlim dəyişikliyidir.

“Son illər qlobal istiləşmə kəskin sürətlənir. Təbii ki, bu istiləşməni yaradan insanlardır. BMT çərçivəsində qlobal istiləşməyə qarşı mübarizə tədbirlərinin icrasını aktuallaşdırılsa da, təəssüf ki, bu proses davam edir və quraqlıq qlobal problemə çevrilməkdədir.

Quraqlıq hökm sürməsi taxıl məhsullarının istehsalında kəskin azalmaya gətirib çıxarıb. Dünya bazarlarında taxılın qıtlığı taxıl istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinin artmasına və dünya bazarlarına daha az miqdarda taxılın ixracına səbəb olub. Nəticədə isə taxıl və ərazaq buğdası qiymətinin dünya bazarlarında keçən ilin oktyabr ayı ilə müqayisədə cari dövrdə 23,2% artmasına gətirib çıxarıb.

Heç də sirr deyil ki, dünya əhalisinin kəskin artması da qlobal bazarlarda istehlak mallarına təlabatı artırır. Hətta yuxarıda qeyd etdiyim kimi, iqlim dəyişiklikləri nəticəsində orta illik məhsuldarlıq aşağı düşür və ya istehsal sahələri azalır. Bu da dünyada ərzaq məhsullarının istehsalında azalmaya gətirib çıxarır və qlobal bazarlarda istehlak mallarının qiymətlərinin artmasına təsir edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan da dünyanın bir hissəsidir: “Dünya bazarlarındakı qiymət artımları ölkəmizin daxili bazarına da təsirsiz ötüşmür. 2021-ci ildə ölkəmizdə də bir çox istehlak mallarının qiymətlərində artımlar baş verib. Təbii ki, qiymət artımları insanların sosial rifahına təsir göstərir. Dövlətimiz bu labüd təsirlərdən insanların rifahının aşağı düşməməsi üçün bir çox addımlar atır. Cənab Prezidentin imzası ilə 1 yanvar 2022-ci ildə icra olunacaq növbəti sosial paket qiymət artımlarının insanların rifahına təsirlərini neytrallaşdıracaqdır. Dövlət başçısının apardığı sosial siyasətin davamlı olması və dövlət resurslarından səmərəli istifadə etməklə gələcəkdə də Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsini davamlı etməsinə imkan verəcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti