...

İsrail öz şirkətlərinin Azərbaycanda bərpa olunan enerji üzrə layihələrdə iştirakına ümid edir - Səfir (MÜSAHİBƏ) (FOTO)

İqtisadiyyat Materials 17 Fevral 2022 21:00 (UTC +04:00)
İsrail öz şirkətlərinin Azərbaycanda bərpa olunan enerji üzrə layihələrdə iştirakına ümid edir - Səfir (MÜSAHİBƏ) (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

İsrail ümid edir ki, bu ölkənin şirkətləri Azərbaycanda bərpa olunan enerji üzrə layihələrdə iştirak edəcəklər.

Bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Səfir qeyd edib ki, İsrail ekoloji təmiz enerji texnologiyaları sahəsində dünya lideridir.

“Fikrimcə, biz Azərbaycanla, xüsusilə də hökumətlə, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə günəş və külək enerjisi sahəsində İsrail texnologiyalarının istifadəsi üzrə sıx əməkdaşlıq edə bilərik. Azərbaycanda mövcud günəş enerjisi infrastrukturu məni heyrətləndirib. Mən Naxçıvanda olmuşam və günəşli günlərdə bölgənin elektrik enerjisi tələbatını 100 faiz təmin edəcək beş günəş elektrik stansiyasını görmüşəm. Məni həm də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Azərbaycanda bərpa olunan enerji sahəsində layihələr üzrə tenderlərin keçirilməsi planları da məmnun edir. Bizim şirkətlərimiz Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Ümid edirik ki, bu, yaxın zamanlarda baş tutacaq”, - deyə o bildirib.

Qarabağda layihələr barədə

15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün Azərbaycandakı İsrail səfirliyinə müraciət edib.

“Daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət edib. Hesab edirəm ki, söhbət “ağıllı şəhər"lərin tikintisindən “yaşıl enerji", kənd təsərrüfatı, xəstəxana, spa mərkəzi tikintisinədək, müxtəlif layihələr üçün müraciət edən onlarla şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən asılı olmadan fəaliyyət göstərir”, - deyə o bildirib.

Səfir qeyd edib ki, İsrail həmişə Azərbaycanı, xüsusən də, ərazi bütövlüyü məsələsində dəstəkləyib.

“Biz şadıq ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və dirçəltmək imkanı var. Hesab edirik ki, bu, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı üçün böyük imkanlar yaradır. Həmçinin, hesab edirik ki, İsrail su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, səhiyyə, innovasiyalar, “ağıllı şəhər"lər, “yaşıl enerji" kimi sahələrdə öz töhfəsini verə bilər. Fikrimcə, İsrailin bu sahələrdə Azərbaycanın yaxşı tərəfdaşına çevrilmək imkanı var”, - C.Dik deyib.

Onun sözlərinə görə, hazırda İsrailin özəl sektorunun iştirakı ilə kənd təsərrüfatı sahəsində bir neçə layihə hazırlıq mərhələsindədir.

“Bu layihələrdən birini Zəngilanda reallaşdırmaq planlaşdırılır. Biz onun reallaşdırılması ilə bağlı nikbin əhval-ruhiyyədəyik. Bu layihə yaxın zamanlarda hazırlanacaq. İsrail şirkəti ferma və “ağıllı kənd" yaradıb işə salmağı planlaşdırır. Biz bu sazişləri hökumət xətti ilə bağlamırıq. İsrail şirkətləri Azərbaycandakı tərəfdaşlarımızla birbaşa müqavilələr imzalayır. Məsələn, Zəngilanda “ağıllı şəhər"in yaradılması ilə bağlı müqaviləyə cavabdeh olan Azərbaycan şirkəti var. Onlar iki özəl şirkət arasında sənədləri imzalayır. Bu layihə üzrə danışıqlar aparılırdı. Hesab edirəm ki, artıq proses başa çatıb və burada süd istehsalı üçün yüzlərlə inək və camışın saxlandığı ferma yaradılmalıdır”, - deyə o bildirib.

Digər sahələrə gəldikdə, səfir vurğulayıb ki, Ağdamda su sektoru üzrə layihələr mövcuddur və bununla bağlı “Mekorot”, “Baran Group” və digər şirkətlərlə danışıqlar aparılıb.

O əlavə edib ki, İsrail şirkətləri, həmçinin, Qarabağda və Azərbaycanın digər ərazilərində “yaşıl enerji" sahəsində layihələrdə iştirak etməyə hazırdır.

“Hazırda Abşeronda, xüsusilə, günəş və külək enerjisi sahələrində İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var. Biz bu sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə çalışırıq. Biz bir şeyi yadda saxlamalıyıq: Qarabağın bərpası Azərbaycan üçün tarixi məqamdır. İsrail uzunmüddətli perspektivdə Azərbaycanla dostluq və tərəfdaşlığı hədəfləyir. Biz İsrail təcrübəsi və dəstəyinin tələb olunacağı bütün sahələrdə Azərbaycana kömək etməyə hazırıq”, - səfir deyib.

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı C.Dik bildirib ki, bununla əlaqədar onun Azərbaycan Minatəmizləmə Agentliyində görüşləri olub.

“Bir neçə İsrail şirkəti buraya gələrək agentliklə məsləhətləşmələr keçirib. Bu şirkətlərin nümayəndələri həmin ərazilərdə olub və öz təkliflərini də irəli sürüb”, - C.Dik vurğulayıb.

SOCAR-ın İsrailin enerji bazarında iştirak imkanları barədə

İsrail ümid edir ki, gələcəkdə Azərbaycan Dövlət Neft Şirkəti bu ölkənin enerji sahəsinin bir hissəsi olacaq.

“Enerji əməkdaşlığının birinci aspekti Azərbaycandan neft idxalıdır. Bu, davam edir, biz neftimizin üçdə-bir hissəsini Azərbaycandan idxal edirik və bunu gələcəkdə davam etdirəcəyik. Əməkdaşlığın ikinci istiqaməti məsləhətləşmələrdir. SOCAR neft-qaz sahəsində böyük təcrübəyə malikdir, biz isə yeniyik. Biz SOCAR kimi şirkətlərin bilik və təcrübələri üzərində çox şey öyrənə bilərik”, - səfir deyib.

O xatırladıb ki, uzun illər ərzində SOCAR nümayəndələri İsrailə səfər edib və İsraildən nümayəndələr Azərbaycana gələrək bu sahədə əməkdaşlığı müzakirə ediblər.

“Biz gələcəkdə bu əməkdaşlığı davam etdirməkdən məmnun olarıq. SOCAR bir neçə il əvvəl İsrailə enerji ehtiyatlarının kəşfiyyatında iştirak edib. Amma bu kəşfiyyat uğurla başa çatmayıb. Bu işlər hər zaman uğurlu olmur. Biz ümid edirik ki, SOCAR gələcəkdə İsraildə fəal olacaq və bu ölkənin enerji sahəsinin bir hissəsinə çevriləcək”, - C.Dik deyib.

İqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq perspektivləri

Səfirin sözlərinə görə, İsrail və Azərbaycan qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə mübarizədə əməkdaşlıq edə bilər.

“Biz iqlim dəyişikliyi ilə mübarizə prosesinə sadiqik, bu dəyişikliklər İsraildə quraqlıq və qəfil daşqınlara səbəb olur. Bu gün Azərbaycanda, Şahdağda temperatur təxminən 10 dərəcəyə çatır. Antarktikada aysberqlər əriyir, yüksək temperaturu olan ərazilər yaşayış üçün əlverişsiz olur. Biz hesab edirik ki, iqlim dəyişiklikləri ilə mübarizədə böyük töhfə verə bilərik”, - deyə o bildirib.

Səfir qeyd edib ki, İsrail 100 il əvvəllə müqayisədə daha çox ağacın əkildiyi dünyada yeganə ölkədir.

“İsrail həm də suları anbarlara, göllərə axıdan yeganə ölkədir. Biz Azərbaycanla birlikdə nəinki iki ölkə üçün, həm də bütün dünya üçün iqlim dəyişiklikləri ilə mübarizədə müsbət nəticələrə nail ola bilərik”, - C.Dik vurğulayıb.

İsrail-Azərbaycan birgə komissiyasının fəaliyyəti

O bildirib ki, yaxın üç ay ərzində Bakıda İsrail-Azərbaycan birgə komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.

“Bu ölkələr arasında birgə komissiya sonuncu dəfə ötən il onlayn formatda toplanmışdı. Biz növbəti iclası yaxın üç ay ərzində Bakıda keçirməyi planlaşdırırıq. Birgə komissiya Azərbaycanda ilk dəfə keçiriləcək. İsrail tərəfdən komissiyanın həmsədri, turizm naziri Yoel Razvozovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gələcək. Həmçinin, biznes forumun keçirilməsi planlaşdırılır”, - səfir deyib.

Səfir, həmçinin, Azərbaycanın kənd təsərrüfatı nazirinin ötən ilin noyabrında İsrailə səfərini xatırladıb.

“Bu səfər çox məhsuldar olub və tədqiqatların keçirilməsi, İsrail şirkətlərinin Azərbaycanda istehsal xətlərinin açılması, azərbaycanlı fermerlərin İsrail texnologiyalarının istifadəsi ilə bağlı tədrisi məsələlərində müsbət nəticələr əldə olunub ”, - deyə o bildirib.

C.Dik deyib ki, fevralın 24-də Gəncə Universiteti və USAID-lə əməkdaşlıqda Gəncə şəhərində model fermanın işə salınması planlaşdırılır.

“Biz birlikdə azərbaycanlı fermerlərin bağçılıq sahəsində öncül iş təcrübəsini öyrənə biləcəkləri bir yer yaradacağıq. İsraildən olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Azərbaycanda suvarma sahəsində öncül təcrübə ilə tanışlıq məqsədilə model fermalar açır. Burada az su, az qüvvə və az vaxt sərf etməklə daha çox məhsul yetişdirmək üçün ən yeni bilik və təcrübələrimizlə tanış olmaq olar. Turizm naziri Yoel Razvozovun Azərbaycana səfərini səbirsizliklə gözləyirik. Ümid edirik ki, bunadək Azərbaycana daha bir israilli nazir səfər edəcək”, - səfir bildirib.

Azərbaycanın İsraildə turizm nümayəndəliyinin işi barədə

Səfirin sözlərinə görə, Azərbaycanın İsraildəki turizm nümayəndəliyi İsraildən Azərbaycana gələn turistlərin sayının artırılması, eləcə də turizmin şaxələndirilməsi üzərində işləyir.

“Fikrimcə, turizm sahəsində nəhəng potensial var. Əgər pandemiyadan əvvəlki dövrə nəzər salsaq, 2016-cı ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 10 min nəfər, 2019-cu ildə 50 min nəfər idi. COVID-19 olmasa idi, bu rəqəm indi iki dəfə artacaqdı. COVID-19 bütün dünyada turizmi öldürür. Həm İsraildə, həm də Azərbaycanda turist çatışmazlığı var. Bu, lokal yox, qlobal problemdir. Biz bu pandemiya ilə mübarizənin yollarını müəyyən etməliyik ki, post-COVID dövrünə keçə bilək”, - səfir deyib.

Onun sözlərinə görə, pandemiyanın davam etməsinə baxmayaraq, İsraillə Azərbaycan arasında reyslər həftədə bir və ya iki dəfə həyata keçirilir.

“Bu, müsbət işarədir və onu göstərir ki, irəliləyiş var. Mən inanıram ki, İsraildə açılmış turizm nümayəndəliyi Azərbaycana gələn turistlərin sayını artırmaq üçün israillilərlə işləyə biləcək. İsraildə heç də hamı bilmir ki, Azərbaycanda dağ-xizək kurortları var. Qış turizmini inkişaf etdirmək olar. Gənclər Azərbaycana kifayət qədər səfər etmir. Azərbaycana əsasən ailələr və yaşlı insanlar gəlir. Niyə də gənclərlə iş görülməsin? Bu, hazırda turist sayının artırılması üçün turizm nümayəndəliyinin məşğul olduğu işdir”, - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti