...

Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 16 Mart 2022 19:28 (UTC +04:00)
Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Beynəlxalq Münasibətlərin Təhlili Məkəzində növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspert qrupunun üzvləri iştirak ediblər.

Ekspert qrupunun ölkəmizə səfərinin məqsədi işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək göstərilməsi üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi, Azərbaycan Hökumətinin münaqişəyə məruz qalmış ərazilərdə ekosistemlərin bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə bağlı birbaşa mənbələrdən məlumatların toplanmasıdır.

Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilatı dəstək göstərilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəz və aidiyyəti qurumların nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətdə olan işçi qruplar, ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər haqqında ekspert qrupuna məlumat verilib.

İclasda işçi qrupun üzvləri tərəfindən işğaldan azad edilmiş ərazilərdə meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının, torpaqların vəziyyətinin işğala qədərki dövrlə müqayisəli qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş işlər, o cümlədən deqradasiya olunmuş torpaqlar, hərbi eroziya. “Ağıllı kənd” layihəsi, “Yaşıl enerji zonası konsepsiyası”, peyk təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərin monitorinqi haqqında təqdimatlar edilib, filmlər nümayiş olunub.

Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə dəymiş ziyanının ilkin qiymətləndirilməsi və əhatə dairəsinin müəyyən etmə missiyasında iştirak edən ekspert qrupunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri təşkil edilmiş, qrup üzvləri Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı, Vənədli, Sarıqışlaq, Şəfibəyli kəndləri, Füzuli rayonunun İşıqlı, Dövlətyarlı, Qacar kəndləri, habelə Hadrut və Suqovuşan qəsəbələrində olmuşlar. Səfər çərçivəsində qiymətləndirmə missiyasına Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlər əyani şəkildə göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti