...

Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə mənfi təsir göstərir - Muxtar Babayev

İqtisadiyyat Materials 5 İyul 2022 10:44 (UTC +04:00)
Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə mənfi təsir göstərir - Muxtar Babayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır.

"Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir.

Təsadüfi deyil ki, keçən həftə Aşqabadda keçirilmişən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında da bu məsələlərə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Toplantıda çıxışı zamanı Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirmişdir.

Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir.

Biz bu ekspedisiyaları zamanı toplanmış monitorinq məlumatları ilə bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik.

Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın mühüm rolunu qeyd etmək lazımdır.

İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekolioji problərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaqdır.

Bununla yanaşı Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşaldımasına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir",- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti