Bakı. Trend:
2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2,45 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur
Trend-in məlumatına görə, bunu AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub.
"Bu müraciətlər KOBİA vasitəsilə qəbul edilir. Müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir", - deyə o bildirib.
AZPROMO rəhbəri xatırladıb ki, ötən il Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 12 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard dollara çatıb.
(Tərcümə: Orxan Nəbiyev)