Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin
canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin
formalaşdırılması təmin ediləcək.
Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi
nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş
yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan
“ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral
xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər
zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində
təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə
cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin
edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır.
Qarabağ
bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan,
unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən
turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq
prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə
ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların,
müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin
yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli
bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və
emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək,
prioritet sahələrdə
sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük
azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq
olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi
yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa
olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl
enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul
buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş
ərazilərin payı davamlı artacaq.