Bakı. Trend:
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və General Motors International şirkətinin vitse prezidenti Coni Saldana ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
iqtisadiyyat nazirinin müavini Azərbaycan-Özbəkistan
tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi
barədə məlumat verib. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət
dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində
əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi
üçün böyük imkanlar var.
Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə həyata
keçirilən biznes layihələrində fəal iştiraka dəvət olunub.
“Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ölkəsində Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verildiyini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər maşınqayırma sahəsində əməkdaşlığın inkişafı, o
cümlədən digər ölkələrin bazarlarına birgə ixracın
genişləndirilməsi barədə müzakirə aparıblar.
Qeyd: “Uzavtosanoat” SC şirkəti minik və yük avtomobillərinin,
avtobusların və avtomobil komponentlərinin istehsalı və satışı
sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istehsal çeşidinə
“Chevrolet”, “Ravon” brendinə məxsus minik avtomobilləri və “ISUZU”
markalı avtobuslar daxildir.