Bakı. Trend:
Azərbaycanda inflyasiyanın qarşısını almaq üçün görülən tədbirlər açıqlanıb.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qlobal iqtisadiyyatdakı inflyasiya prosesləri fonunda 6 ay ərzində orta illik inflyasiyanın səviyyəsi 12,9 faiz olub, inflyasiya idxal olunan əmtəələrdən, xüsusən ərzaq məhsullarından qaynaqlanıb.
Bütövlükdə ölkədə inflyasiya əsasən, dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək “inflyasiya idxalı”, qlobal təchizat, logistika zəncirində mövcud olan problemlər, daşınma xərclərinin artımı və pandemiya ilə əlaqədar təxirə salınmış tələbin sürətlə reallaşdırılmasından qaynaqlanıb.
Qeyd olunan dövr ərzində inflyasiya təzyiqlərinin cilovlanması, onun makroiqtisadi sabitliyə və əhalinin sosial durumuna mənfi təsirlərinin qarşısının alınması üçün aşağıdakı bir sıra tədbirlər görülub:
- Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq 2022-ci ilin əvvəlindən əhalinin sosial rifahının, real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 20,0 faiz artırılıb;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları və vergi güzəştlərinin verilməsi və bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb;
- Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların ucuzlaşması fonunda milli valyutanın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı, əsas kommunal xidmətlər (işıq, su, təbii qaz, istilik, nəqliyyat) üzrə tariflərin dəyişməzliyi təmin edilib;
- Mərkəzi Bankın mandatına uyğun monetar siyasət tədbirləri sərtləşdirilmiş, yanvar və mart aylarında qəbul olunmuş qərarlar əsasında uçot dərəcəsi 0,5 faiz artırılaraq 7,25 faizdən 7,75 faizə çatdırılmışdır. Bununla yanaşı, izafi likvidliyin sterilizasiyası həyata keçirilib.