...

KOBİA sədri aqrar sektorda sahibkarların üzləşdiyi problemləri açıqlayıb

İqtisadiyyat Materials 24 Noyabr 2022 13:05 (UTC +04:00)
KOBİA sədri aqrar sektorda sahibkarların üzləşdiyi problemləri açıqlayıb

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar sektor gündəlik həyatımızda əhəmiyyətli rol oynayır və bu, sektorun malik olduğu və davamlı olaraq artan çoxşaxəli funksiyaları ilə izah olunur. Aqrar sektor ərzaq təminatı mənbəyi olmaqla yanaşı, dünya əhalisinin 28%-i üçün məşğulluq imkanları, digər mühüm sənaye sektorları üçün xammal və qlobal miqyasda 3.4 trilyon ABŞ dolları həcmində əlavə dəyər təmin edir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.

O qeyd edib ki, ötən dekada ərzində aqrar sektorun yeni inkişaf trendlərindən biri də səyahətçilər arasında geniş istifadə olunan aqroturizmdir.

“Aqroturizmin əsas üstünlüyü fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalından savayı əlavə, ən əsası, dayanıqlı gəlir mənbəyi təmin etməsidir. Ölkə üçün isə bu regionlarda məşğulluğun artırılması və xarici valyutanın gətirilməsi deməkdir.

Qeyd olunanlar və ərzaq təhlükəsizliyində əhəmiyyəti nəzərə alınaraq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aqrar sektorda fəaliyyət göstərən biznes subyektlərinin inkişafına xüsusi diqqət yetirir. Ötən dövrlərin statistikasına əsasən, kənd təsərrüfatı sektorunda istehsal olunmuş mal və xidmətlərin ümumi dəyərinin 70%-dən çox hissəsi KOB-lar tərəfindən yaradılmışdır və bu kateqoriyadan olan bizneslər sektorda əsas kapitala il ərzində 190 milyon manata qədər investisiya yatırmışlar. Apardığımız təhlillərin və keçirilmiş sahəvi görüşlərin nəticəsi əsasında söyləyə bilərik ki, aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir”, - deyə O.Məmmədov bildirib.

O qeyd edib ki, KOBİA mandatı çərçivəsində müxtəlif sektorlarda, o cümlədən aqrobiznes sferasında fəaliyyət göstərən bizneslərə bir sıra dəstək mexanizmləri təqdim edir.

“Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi, təcrübə mübadiləsi proqramı və digərlərini qeyd etmək olar. Müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərində təlimlər və məsləhət xidmətlər ödənişsiz əsasda həyata keçirilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin icra etdiyi layihəyə cəlb olunmuş fermerlərə də bu mərkəzlər tərəfindən biznes planlarının hazırlanmasına dəstək göstərilmişdir. Agentliyimiz tərəfindən verilən startap sertifikatları vasitəsilə sahibkarlar 3 il müddətində vergi güzəştini əldə edirlər. Bugünə qədər aqrar sahə ilə bağlı 6 startap müvafiq şəhadətnamə almışdır. Agentliyin önəmli dəstək mexanizmlərindən olan KOB dostları isə fəaliyyət göstərdiyi yerlərdə biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərir.

Ölkəmizdə aqrar sektorda yeni, dayanıqlı dəyər zəncirinin, eləcə də yüksək əlavə dəyərin yaradılmasına təkan verəcək bir sıra təşkilati-fəaliyyət formalarının tətbiqi üçün də geniş perspektivlər mövcuddur. Bu baxımdan, bir sıra vergi güzəştlərini nəzərdə tutan KOB klasterlərinin yaradılmasını qeyd etmək olar. Hazırda sözügedən modelin tətbiqi ilə bağlı normativ və tənzimləmə bazasının tamamlanması üzərində işlər gedir. Aqrar sektorda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasında dövlət-özəl sektor tərəfdaşlığı, beynəlxalq terminologiya ilə desək PPP layihələrinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə “Tik - İdarə et - Təhvil ver” modeli üzrə qanunvericilik bazası vardır və PPP layihələrinin dəstəklənməsi, əlaqələndirilməsi və bu tip layihələrdə KOB-ların iştirakının genişləndirilməsi məqsədilə KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi fəaliyyət göstərir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti