Bakı. Trend:
Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. İmzalanmış sənədlər sırasında “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u da yer alıb.
Trend-in əldə etdiyi məlumata görə, razılaşma üç dövlətin ərazisi arasında və onların ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafı, nəqliyyat vasitələrinin rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsi və avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılması kimi məsələlərdə üçtərəfli əməkdaşlığı nəzərdə tutur.
Anlaşma Memorandumunda “Ro-Ro”, “Ro-Pax”, dəmir yolu bərələri, neft tankerləri, quru yük və konteyner gəmilərindən istifadə etməklə, eləcə də mülki dəniz donanmalarının inkişafı üçün müştərək investisiya qoyuluşu imkanlarını araşdırmaqla Xəzər dənizində effektiv nəqliyyat xidmətlərinin təşkili məsələsinə xüsusi diqqət yetirilir.
Həmçinin, üç ölkənin nəqliyyat assosiasiyaları, müəssisələri və təşkilatları arasında birbaşa əlaqələrin inkişafını dəstəkləmək, nəqliyyat vasitələrinin istehsalı və onlara texniki xidmət sahəsində əməkdaşlığın təşviqi Anlaşma Memorandumunda öz əksini tapıb.
Qeyd edək ki, Memorandumu Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.