Bakı. Trend:
2023-ci ildə “Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi” istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistər üçün keçirilən brifinqdə deyib.
"Yaradılmış platformanın həm yer təki sahəsində fəaliyyət göstərən istismarçılara, həm də Agentliyin fəaliyyəti üçün bir sıra üstünlükləri var. Amma qısa olaraq bildirmək istərdim ki, hazırlanmış platforma vasitəsi ilə yer təki sahəsində fəaliyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcək. Hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsi ilə online formada göndərilməsi təmin ediləcək.
Platformanın bir digər üstünlüyü maarifləndirici məlumatların yer təki istismarçılara verilməsidir. Belə ki, Platformada yerin təki ilə bağlı mövcud qanunvericilik aktları və bu sahədə müəyyən edilmiş norma və standartlar barəsində məlumatlar öz əksini tapacaq. Həmçinin gələcəkdə mövcud qanunvericilik aktlarında dəyişiklik edildikdə istismarçının şəxsi kabinetinə həmin məlumatlar göndəriləcək".