...

Bakıda bir sıra kirayə mənzillərin qiyməti 2 dəfə bahalaşdı

İqtisadiyyat Materials 25 Aprel 2023 15:49 (UTC +04:00)
Bakıda bir sıra kirayə mənzillərin qiyməti 2 dəfə bahalaşdı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.

Bununla əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin kirayə haqları bahalaşıb.

Məsələ ilə əlaqədar əmlak eksperti Ramil Qasımzadə Trend-ə bildirib ki, əsasən “Formula 1” yarışını izləmək mümkün olan mənzillərin günlük kirayəsi iki dəfə bahalaşıb.

"Kirayə qiymətlərinin bahalaşması müvəqqətidir. Mənzillərin günlük kirayəsi 300-500 manat arası dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 100-150 manat arasında dəyişir. Bunun da əsas səbəbi mövcud yarışlarla əlaqədar ölkəyə turist axınıdır. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. Yarış bitən kimi qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq",- deyə ekspert qeyd edib.

Azərbaycan Hotel Assosiasiyasından isə Trend-ə bildiriblər ki, Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.

"Yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib. Formula 1 trekindən məsafəcə biraz aralı olan hotellərin də 70% -dən çoxu dolub. Bu, mövsüm üçün çox yaxşı göstəricidir. Bir qədər kiçik hotellərdə də sıxlıq var. Formula 1 bahalı idman növüdür və onun azarkeşləri də adətən maddi baxımından imkanlı adamlardır. Bu baxımdan turistlər daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər. Hotelləri bron edənlər əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır. Formula 1 yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması, o cümlədən, turizmin inkişafına dəstək verir", - deyə Assosiasiyadan bildiriblər.

Mərkəzdə yerləşən hotellərdən isə Trend-ə bildirilib ki, Formula-1-in izlənməsi mümkün olan mehmanxanalarda yerlər dolub.

"Hotellərin qiymətləri əvvəlki aylarla müqayisədə artıb. Qiymətlər hotellərin komfortuna və təqdim etdiyi xidmətlərə görə, 50-300 manat arasında yüksəlib. Belə ki, qiymətlərin bahalaşma səbəbi təkcə qalma müddəti ilə bağlı deyil. Turistlərə göstərilən xidmətlər arasında şəhərdaxili və regionlara səfərlərin təşkili də nəzərdə tutulur", - deyə mənbədən bildiriblər.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pri ilə bağlı ən çox bilet alanlar Böyük Britaniya və Niderland vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti