...

SOCAR uğurlu investisiya layihələri ilə beynəlxalq qurumlar arasında xüsusi yer tutur - Vüqar Rəhimzadə

İqtisadiyyat Materials 26 Aprel 2023 10:16 (UTC +04:00)
Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təsdiqidir
SOCAR uğurlu investisiya layihələri ilə beynəlxalq qurumlar arasında xüsusi yer tutur - Vüqar Rəhimzadə

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır.

2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlara yol açdığını təsdiqlədi. Ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu məqamı xüsusi diqqətə çatdırdılar ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində yaranan uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, aprelin 25-də dövlət başçısı İlham Əliyevin Bolqarıstana rəsmi səfəri, səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu”nun imzalanması, Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı kimi mühüm hadisələr iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu mühüm addım Azərbaycan-Bolqarıstan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi dəyərləndirilir. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq SOCAR uğurlu investisiya layihələri ilə beynəlxalq qurumlar arasında xüsusi yer tutur.

Baş redaktor onu da əlavə edib ki, ötən ilin oktyabrında Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində dövlət başçısı İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq saldı. Prezident İlham Əliyev çıxışında bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbatın artdığı xüsusi qeyd edilərək vurğulanmışdır ki, iki ildən artıqdır Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Bolqarıstan Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.

Vüqar Rəhimzadə iki ölkə arasında əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasına da diqqət yönəldib. Bildirib ki, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin mövcudluğu münasibətlərin yüksələn xətlə inkişafında mühüm rol oynayır. Hər bir sənəd əməkdaşlığın inkişaf etdirilməsində bir istiqamətdir. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq həm ölkəmizin qurumla əlaqələrinin inkişafına öz töhfəsini verir, həm də ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə səy göstərir.

Baş redaktor qeyd edib ki, ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Heç də təsadüfi deyil ki, Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu beynəlxalq səviyyədə təqdir edilir. Avropa ölkələrinə səfərləri zamanı Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, layihələrin dünyanın enerji xəritəsini dəyişməsindən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində bolqarıstanlı həmkarı Rumen Radev ilə təkbətək görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı xüsusi qeyd olundu. “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi. Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə xüsusi vurğulandı.

Vüqar Rəhimzadə bu xatırlatmanı da edib ki, ötən il dövlət başçısı İlham Əliyevin Bolqarıstana səfəri zamanı keçirilən görüşlərdə elektrik enerjisinin ixracı, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, dost ölkədə enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə edilmişdir. Belə bir hədəf irəli sürülmüşdür ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının vaxtı çatıb və bunu yaxın vaxtlarda edəcəyik. Şübhəsiz, qısa zamanda gerçəkləşən bu hədəf Azərbaycanın etibarlı tərəfdaş kimi təqdimatına yeni əlavələr edərək, SOCAR-ın beynəlxalq nüfuzunu daha da artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti