Bakı. Trend:
Növbəti aydan universitetlərin və məktəblərin bağlanması kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, ötən ildən başlayaraq yay ayların da kirayə mənzillərin qiymətində ucuzlaşma baş vermir.
Onun sözlərinə görə, ötən ilə qədər müşahidə edirdik ki, iyun ayından etibarən mənzillərin boşalması və kirayə mənzillərin qiymətinin 20% ucuzlaşması qeydə alınırdı.
"Lakin bunu keçən il müşahidə eləmədik. Əsas səbəb kimi tələbələr sentyabr ayında paytaxta qayıdanda kirayəyə mənzilləri daha baha qiymətə tapırlar. Buna görə də artıq tələbələrin yarısı kirayə qaldıqları mənzilləri boşaltmır. Çünki sonradan yeni kirayə mənzil tapmaqda çətinlik tapırlar həm də əvvəlki ilə müqayisədə qiymətlər 50% bahalaşmış olur. Həm də tələbələrin müəyyən hissəsi yay mövsümündə paytaxtda qalıb işləyirlər. Düşünürəm ki, bu il də tədris ilinin başa çatması paytaxtdakı kirayə mənzillərinin ucuzlaşmasına səbəb olmayacaq."
Ekspert bildirib ki, xüsusilə də oğlan tələbəblərə kirayə mənzil tapmaq daha çətin olur.
"Bunun da müəyyən səbəbləri var. Bu səbəbdən də əsasən oğlan tələbəblər kirayə tapdıqları mənzilləri tərk eləmirlər. Kirayə mənzillərə də tələb çox yüksəkdir",- deyə o qeyd edib.