Bakı. Trend:
“Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.
Trend-in məlumatına görə, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün media üçün brifinqdə deyib.
Qeyd edilib ki, bu ilin ilk 6 ayında xalis mənfəət 2.3 milyon manat, EBİTDA isə 4,2 milyon manat olub.
Həmin dövrdə qurumun xərcləri 31 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur. Xərc artımının 55%-i (və ya əmək haqqı xərcləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır) əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub.
Ə.Cəlilov bildirib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub.