Bakı. Trend:
Bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir. "Abşeron" qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Bu əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik", - nazir qeyd edib.
Qeyd edək ki, "TotalEnergies" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə Bakının təqribən 100 km cənub-şərqində yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin birinci fazası çərçivəsində hasilatın başladığını açıqlayıb.
İlkin qiymətləndirmələrə görə, yatağın ehtiyatları təqribən 300 milyard kubmetr təşkil edir.
İstehsal gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensatdır. Qaz Azərbaycanın daxili bazarında satışa çıxarılacaq.