...

SOCAR AQŞ daha bir mürəkkəb qazma layihəsini uğurla başa çatdırdı

İqtisadiyyat Materials 9 Oktyabr 2023 15:06 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR AQŞ mürəkkəb layihələrdən biri olan, eləcə də, SOCAR-ın tarixində Günəşli yatağında ilk dəfə 8 saylı platformadan yan lülə quyusu qazıb.

Yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazılaraq sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.

Quyuda 6 5/8” istismar kəməri daxilində istiqamətləndirici qoyularaq, iki kəmərdən pəncərə kəsilərək yan lülə 2985 metr dərinliyə uğurla qazılıb. Qazma əməliyyatları yerinə yetirilərkən real zamanda təzyiqlərə, layların dəyişməsinə və quyu istiqamətinə nəzarət olunub.

Quyu layihə dərinliyinə qazıldıqdan sonra, 4 ½” istismar quyruq kəməri xüsusi asqı avadanlığı vasitəsilə uğurla endirilib.

Udulmaya meyilli layların mövcudluğunu nəzərə alaraq SOCAR AQŞ bu quyuda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə etməklə istismar quyruq kəmərini sementləyib. İstismar quyruq kəməri quyuağzı avadanlıqla birgə plana uyğun olaraq kipliyə sınanıb, sifarişçi tərəfindən təyin edilmiş hədəflər üzrə obyekt tam açılıb və quyu yüksək debitlə istismara verilib.

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: “Yan lülə quyularının qazılması uzun illər istismarda olan bir çox quyunun debitini artırmaq üçün olduqca önəmlidir. Belə ki, Günəşli yatağında 300-dən çox quyunun hasilatını yenidən bərpa etmək üçün yan lülə quyularının qazılması xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkənin neft hasilatının uzunömürlülüyünün təmin edilməsinə, quyuların daha məhsuldar olmasına, eləcə də qazma işlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək”.

Quyunun layihələndirməsində və qazılmasında vahid komanda kimi iştirak edən, əməliyyatların keyfiyyətlə və düzgün qaydada yerinə yetirilməsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rolu böyük olub.

Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılıb. Hazırda quyuda mənimsəmə işləri uğurla davam etdirilir.

SOCAR AQŞ haqqında:

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Daha ətraflı: https://www.socar-aqs.com/az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti