Bakı. Trend:
Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların 10-dan azı ekoloji, sosial və idarəetmə aspektləri ilə əlaqəli riskləri əhatə etməklə ciddi şəkildə məşğul olur.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Dayanıqlı İnkişafa dair II Bakı Forumunda deyib.
O bildirib ki, Dünya Bankının hesablamalarına görə, Azərbaycanın bank sektorunun kredit portfelinin təqribən 55 faizi iqlim dəyişikliyi səbəbindən zəif ola biləcək təşkilatlarda cəmləşib.
"Mərkəzi Bank tərəfindən bu ilin iyun-iyul aylarında maliyyə sektorunun nümayəndələri arasında sorğular keçirilib. Sorğuda 52 maliyyə müəssisəsi iştirak edib ki, bu da bütün maliyyə müəssisələrinin 95 faizini əhatə edir. Məqsədimiz dayanıqlı inkişaf nöqteyi-nəzərindən məlumatlılıq səviyyəsini öyrənmək və onların gələcəkdə bu istiqamətdə görməyi planlaşdırdığı tədbirlərə dair məlumat almaqdan ibarətdir. Hazırda ölkədə fəaliyyət göstərən bankların 10-dan azı ekoloji, sosial və idarəetmə (ESG) aspektləri ilə əlaqəli risklərin əhatə olunmasını ciddi şəkildə öz strategiyalarına daxil ediblər. Digər banklarda bu hələ ki planlaşdırma mərhələsindədir. Həmçinin, maliyyə müəssisələrindən bu sahədə müəyyən güzəştlərlə bağlı gözləntilər var. Mərkəzi Bank bu məsələyə də fokuslanıb və bu istiqamətdə tədbirlər görəcək", - Toğrul Əliyev deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)