Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasında (AİZ) yük aeroportu inşa olunacaq.
Trend xəbər verir ki, bunu Ələt AİZ-in idarə heyətinin sədri Valeh Ələsgərov Dayanıqlı İnkişafa dair II Bakı Forumunda deyib.
"Aeroport 2026-cı ilin birinci rübündən gec olmayaraq fəaliyyətə başlayacaq. Birinci mərhələdə gücü ildə 500 min ton olacaq, sonra isə tədricən artırılaraq ildə 1,5 milyon tona çatdırılacaq", - o deyib.
V.Ələsgərov həmçinin, Azərbaycan hökuməti tərəfindən Ələt AİZ-in genişləndirilməsi üçün 7 min hektar ərazi rezerv olunduğunu bildirib.
Onun sözlərinə görə, Ələt AİZ-in ticarət dəhlizlərinin kəsişməsində yerləşməsi mühüm rol oynayır.
V.Ələsgərov AİZ-in investorlar üçün əlverişli şəraitdə yaradıldığını da xüsusən qeyd edib.
"Biz investorlara və biznesə Ələt AİZ-dən ixrac və idxal zamanı ƏDV və digər verilərdən azad olma kimi fiskal və qeyri-fiskal imtiyazlar veririk", - o deyib.
Qeyd edək ki, Dayanıqlı İnkişafa dair II Bakı Forumu 2030-cu ilədək BMT gündəliyinin reallaşdırılmasında region ölkələri və beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri, eləcə də ekspertlər iştirak edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)