Bakı. Trend:
Rəqabət Məcəlləsinin təsdiq edilməsi ümumiyyətlə rəqabətlə bağlı bütün müdəaları özündə əks etdirir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib.
O bildirib ki, Məcəllənin strukturuna baxanda 84 maddədən ibarətdir. Ümumilikdə 12 fəsli əhatə edir.
"Məcəllənin qəbul edilməsilə rəqabətlə bağlı pozuntuları aşkar edən, araşdıran qurum olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri bir qədər də genişləndirildi. Eyni zamanda onların səlahiyyəti də bu sahədə bir qədər genişlənmişdir. Bəzi anlayışlar var idi ki, onlar əvvəlki normativ sənədlərdə ya ümumiyyətlə anlayış kimi keçmirdi və belə məslələrə toxunulmurdu. Yaxud da həmin anlayışlardan istifadə olunmurdu. Lakin beynəlxalq təcrübə öyrənilməklə müxtəlif məsələlər geniş şəkildə məcəllədə öz əksini tapıb və onların dəqiq şərhi verilib. Hər bir qurumların da bu sahədə fəaliyyətilə bağlı Rəqabət Məcəlləsinin tətbiqi haqqında fərmanın qüvvəyə minməsilə səlahiyyət bölgüləri də dəqiq şəkildə göstərilib. Bazarda hökmran mövqedə olan bazar payı olan subyektlərin rəqabəti pozan halların da qarşısının alınması, eyni zamanda iri bazar subyektləri arasında (əmtəə bazarı) sövdələşmələrin, razılaşmaların müəyyən mənada dövlət qurumu tərəfindən nəzarət edilməsilə onların fəaliyyətinə dövlət nəzarəti bir qədər də artırılacaq. Bu isə bütövlükdə rəqabət mühitinin daha da şəffaflaşmasına, kiçik və orta sahibkarlığın bazara daxil olmasına və bu kimi hallara geniş imkan açacaq",- deyə o, əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanun 23 yanvar 2024-cü il tarixindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.