...

BVF Qafqaz və Mərkəzi Asiya ölkələrinə maliyyə problemlərinin həlli üzrə ətraflı tövsiyələr verir

İqtisadiyyat Materials 16 Aprel 2024 20:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələrinə maliyyə problemlərinin həlli üzrə ətraflı tövsiyələr verir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə müşaviri və Pul-Kredit Sistemləri və Kapital Bazarları Departamentinin direktoru Tobias Adrian BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal maliyyə sabitliyi hesabatı üzrə brifinqdə Trend-in sualını cavablandırarkən deyib.

"Burada əsas istiqamət maliyyə sektorunun siyasətidir. Biz ölkələrdə, o cümlədən regionda mütəmadi olaraq maliyyə sektorunun qiymətləndirməsini həyata keçiririk. Burada ölkədə maliyyə sektorunun sabitliyini, maliyyə sektoruna nəzarət dərəcəsini, eləcə də ölkələrin sarsıntılar zamanı görə biləcəyi təcili tədbir növlərini qiymətləndiririk. Burada əmanətlərin sığortalanması və təcili kreditləşdirmə nəzərdə tutulur", - o deyib.

T.Adrian BVF-in maliyyə sektorunun siyasətinə dair çox ətraflı qiymətləndirmə təqdim etdiyini qeyd edib.

"Bizim bir sıra tövsiyələrimiz var və bu tövsiyələrə riayət ölkə hakimiyyəti üçün bir nömrəli prioritetimizdir. Pul-kredit siyasəti və makroiqtisadi əsaslar nöqteyi-nəzərindən, əlbəttə, regiondakı bir sıra ölkələr daha sabit mübadilə kurslarına, digərləri isə hədəf inflyasiya göstəricisinə malikdir", - deyə o əlavə edib.

T.Adrian bu yanaşmanın mübadilə kursunun mövcud rejimindən asılı olaraq fərqləndiyini qeyd edib.

"Bəzi ölkələr sabit mübadilə kurslarını seçir, eyni zamanda digərləri inflyasiyanın hədəflənməsini və ya valyutanın bağlanmasını tətbiq edirlər. İnflyasiyanın hədəflənməsi və ya analoji mexanizmləri təcrübədən keçirənlər üçün qəfil sarsıntıların tənzimlənməsi üçün bufer qismində mübadilə kursundan istifadə həlledicidir. Bundann başqa, bu problemlərin səmərəli həlli üçün bu ölkələrin hakimiyyətlərinə ətraflı tövsiyələr veririk", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti