Bakı. Trend:
Latviya Azərbaycanla logistika və beynəlxalq nəqliyyat dəhlizləri ilə yüklərin daşınması sahəsində əməkdaşlığa maraq göstərir.
Trend xəbər verir ki, bu barədə Latviya Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberq Azərbaycan-Latviya biznes forumunda deyib.
"Yeni geosiyasi reallıqları nəzərə aldıqda bu cür əməkdaşlıq bizim üçün vacibdir", - deyə Kronberq qeyd edib.
İqtisadiyyat naziri Sahib Məmmədov isə bildirib ki, çoxsaylı nəqliyyat dəhlizlərinin bir hissəsi olan Azərbaycanın coğrafi mövqeyi Latviya üçün əlverişli ola bilər.
"Asiyadan Avropaya yük daşımalarının qlobal geosiyasi vəziyyətdəki dəyişikliklə əlaqədar olaraq bir çox logistika problemləri ilə üzləşdiyini nəzərə aldıqda, qədim İpək Yolunun bir hissəsi olan və Avropanı Çinlə birləşdirən ən qısa ticarət yolu hesab olunan Şərq-Qərb nəqliyyat dəhlizi qitələrin bağlantısı üçün yeni əhəmiyyət kəsb edir", - deyə nazir müavini bildirib.
O, həmçinin, son on il ərzində Azərbaycanın Xəzər dənizində ilkin buraxılış gücü ildə 15 milyon ton olan və ildə 25 milyon tonadək genişləndirilmə imkanına malik ən böyük ticarət limanının inşa etdiyini qeyd edib.
"Xəzər regionunda səmərəli yük daşımalarını təmin etmək üçün gəmilər istehsal etmək gücündə olan Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyətini də qeyd etmək istərdim", - nazir müavini deyib.
O, "Orta Dəhliz"in İpək Yolunun ayrılmaz hissəsi olaraq populyarlıq qazandığını və işlənilən trafikin həcmində dayanıqlı artımın müşahidə olunduğunu bildirib.
"Orta dəhliz Latviya və Baltikyanı ölkələr üçün maraqlı ola bilər", - S.Məmmədov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86 faiz artaraq 2,7 milyon ton olub.
"Buradan çıxış edərək, tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün Latviya şirkətlərinin fəal iştirakını gözləyirik", - deyə naziri müavini əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)