Bakı. Trend:
Dövlət büdcəsinin vergi gəlirləri 2019-dan bu yana 2,1 dəfədən çox artıb. 2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı keçib.
Trend xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
O bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımlar isə 22,8 milyard manat olub:
"Bu, Dövlət Vergi Xidmətinin bütün fiskal yığımlarda payını 77%-ə çatdırıb. Aktiv vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 2024-cü ildə 1,8 dəfə artaraq 800 mini üstələyib. İqtisadi sistem üçün əhəmiyyət kəsb edən kateqoriya hesab etdiyimiz isə ƏDV ödəyicilərinin sayı 52,8 min nəfər təşkil edir. Burada da 3 dəfəyə yaxın artıma nail olunmuşdur.
Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artım qeydə alınıb.
Vergi islahatları nəticəsində qeyri-neft-özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edib. Bu gün özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını özündə ifadə edir".
"2024-cü ildə cəmi əməkhaqqı fondu 23,9 milyard manata çatıb ki, bunu da 2019-cu illə müqayisə etsək, ümumilikdə, 2,5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2,7 dəfə artım müşahidə olunub.
Azərbaycanın əmək bazarında apardığı islahatlar artıq qeyd olunduğu kimi Harvard Universiteti tərəfindən də yüksək qiymətləndirilib. Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına da müsbət təsir edib. Sosial daxiolmalarda son 6 ildə 2,5 dəfə artım müşahidə olunub. Hazırda bu daxilolmaların həcmi 5,7 milyard manatdan çoxdur", - deyə O.Nəzərli qeyd edib.