Bakı. Trend
Qazaxıstan Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini 2025-ci ildə 1,7 milyon tona qədər artırmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu “KazMunayqaz” (KMQ) idarə heyəti sədrinin birinci müavini Kurmanqazı İskaziyev Qazaxıstanın Energetika Nazirliyinin geniş kollegiyasında etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, SOCAR-la bağlanmış saziş çərçivəsində Aktau-Bakı-Ceyhan istiqamətində Qazaxıstan neftinin tranzit həcmi 1,4 milyon tona qədər və ya 27% artırılıb. Bu il isə bu göstəricinin 1,7 milyon tona qədər qaldırılması nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ildə KQM və SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş bağlanıb. 2023-cü ilin mart ayında Kaşaqan yatağından Azərbaycana 7 min ton neftin sınaq nəqli həyata keçirilib. Yükdaşıyan şirkət qismində “North Caspian Sea Ltd” çıxış edib.
Ümumilikdə 2024-cü ildə Qazaxıstandan daşınan nefti həcmi 83,5 milyon ton təşkil edib ki, bu öncəki illə müqayisədə 4 faiz çoxdur.