Bakı. Trend:
Azərbaycan süni intellektdən istifadə etməklə unikal layihələr həyata keçirir.
Trend xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışda bildirib
O qeyd edib ki, Mərkəzin və digər dövlət qurumlarının komandası artıq vətəndaşların belə istifadə etdiyi bir neçə unikal sistemlər yaradıblar. Bu layihələrdən biri “çağrı-mərkəzi” sisteminə süni intellektin inteqrasiyasıdır.
“Bizim başlatdığımız bir layihədə, süni intellekt İqtisadiyyat Nazirliyinə zəng edən Azərbaycan vətəndaşlarına kömək edir, belə ki, onlar vergi və ictimai xidmətlər üzrə suallarına cavab tapa bilərlər. Süni İntellekt zəng edən şəxsin danışığını anlayır və qanunvericilikdə doğru cavabı taparaq operatora kömək edir. Eyni zamanda, biz nitqin təhlilini apararaq operatorlarımızın suallara necə cavab verdiyini başa düşməyə çalışırıq,” - deyə Fariz Cəfərov izah edib.
Bundan əlavə, onun sözlərinə görə, süni intellekt enerji sektorunda da tətbiq edilir. Hazırda müxtəlif istehsal şirkətləri və zavodlarla birgə iş aparılır və məqsəd süni intellektin karbon emissiyalarını izləməsinə və onların azaldılması yollarının axtarışına kömək etməkdir. Bundan başqa, süni intellektdən iri dövlət müəssisələrində bahalı avadanlıqların sıradan çıxmasının qarşısını almaq üçün proqnostik texniki xidmət prosesində istifadə olunur.
“Biz həmçinin dövlət xidmətlərinə çıxışı asanlaşdırmaq üçün vətəndaşların üz tanınması texnologiyasından istifadə edirik. 2019-cu ildə Azərbaycan Sİ tətbiqlərinin aktiv tətbiqinə başlayıb və hazırda biz onlardan çat-botlar üçün istifadə edirik. Sistemi bir milyondan çox cümlə və söz üzərində təlimləndirmişik ki, vətəndaşlar qanunvericilik və digər məsələlərlə bağlı cavab ala bilsinlər," – deyə Fariz Cəfərov əlavə edib.
O vurğulayıb ki, bütün bu proseslərin birləşdirilməsi üçün yaxın altı il ərzində rəqəmsal iqtisadiyyat strategiyası hazırlanıb və bu strategiya 52-dən çox təşəbbüsü özündə ehtiva edir. Bu təşəbbüslər süni intellektin tətbiqinin bütün aspektlərini – infrastruktur, məlumat toplanması, etik məsələlər və qanunvericiliyi özündə birləşdirir. Hesablamalara görə, 2040-cı ilə qədər süni intellektin tətbiqi Azərbaycanın iqtisadiyyatına təxminən 40 milyard ABŞ dolları qazandıra bilər.