Bakı. Trend:
Hazırda Horadiz- Ağbənd dəmiryolu xətti üzrə işlər həyata keçirilir.
Trend xəbər verir ki, bunu “Azərbaycan – transkontinental mega marşrutların "Şərq-Qərb" və "Şimal-Cənub" kəsişmə nöqtəsində” mövzusunda təşkil edilmiş dəyirmi masada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova deyib.
O qeyd edib ki, bu dəmir yolu xətti bizim üçün böyük əhəmiyyət daşıyır.
"Çünki bu dəmir yolu bilavasitə Zəngəzur dəhlizinə birləşəcək. Bizim Naxçıvan və Türkiyə ilə əlaqəmizi təmin edəcək. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması hesablamalara görə, Orta Dəhlizin yükdaşıma qabiliyyətini 10-12 milyon ton artıracağı gözlənilir", - deyə A.Turabova qeyd edib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.