Bakı. Trend:
Biz Azərbaycanda çirkli sudan texnoloji, içməli və suvarma suyu hazırlamaqla bağlı əməkdaşlıq etməkdə müəyyən imkanlar axtarırıq.
Bu sözləri Trend-ə açıqlamasında Çexiyanın "JBB Provider" şirkətinin CEO-su Radek Peçman deyib.
O, indiki vaxtda Azərbaycanda bəzi konkret layihələr haqqında danışmağın çox tez olduğunu, Mərkəzi Avropada çox uğurlu nailiyyətlərə imza atdıqlarını bildirib:
"Yeni bazarlarda imkanlarımızı tanıtmaqda da maraqlıyıq. Amma açıq şəkildə sizə Azərbaycan haqqında indi hər hansı razılaşmanın əldə olunmasını demək çox erkən olar. İki ölkə arasında bəzi hökumət layihələri ilə bağlı müəyyən məlumatlarım var".
"Orta Dəhlizin inkişafı Avropanın enerji təhlükəsizliyində xüsusi əhəmiyyət daşıyır. Çexiya bir il əvvələ qədər bütün qazı Rusiyadan alırdı. İndi biz bunu dayandırmışıq. Nəinki mən, Çexiya əhalisinin 90%-dən çoxu sevinir ki, biz Rusiyadan deyil, Azərbaycan və başqa ölkələrdən qaz alırıq", - deyə şirkətin CEO-su vurğulayıb.
Qeyd edək ki, "JBB Provider" şirkəti yerli kadrların hazırlanması və yerli mühitdə istehsalın başlanması ilə birlikdə istehsal texnologiyalarının qurulmasını asanlaşdırır və vasitəçilik edir. Səyyar su təmizləmə sistemləri olan şirkət, həmçinin, istənilən növ çirkli sudan texnoloji, içməli və suvarma suyu hazırlaya bilir.
Bundan başqa, sözügedən şirkət səhiyyə və təhsil sektorları üçün tam gigiyenik həllərin əsas Avropa təchizatçılarına aid olan şirkətlərin eksklüziv nümayəndəsidir.