Bakı. Trend:
Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar İclası keçirilib.
Trend xəbər verir ki, Plenar İclas Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay, İqtisadiyyat
Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan Beynəlxalq
Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov, Rusiya
Federasiyası Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Qrupunun Rəhbəri
(Rusiya Kiçik və Orta Biznes Korporasiyası ASC) Pavel Kondrashov,
Tayland Krallığının Astanadakı Səfirliyinin müşaviri və Missiya
rəisinin müavini Orathai Phubunlap Gunaseelan, CİCA Biznes
Şurasının Çin üzrə ofisinin direktoru Şenq Guofey, Qırğızıstanın
Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Fələstin Milli
İqtisadiyyat Nazirinin Aparat rəisi Nahid Salameh İbrahim Qüdsü,
Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyi
yanında İnvestisiya Təşviqi Agentliyinin İcraçı direktoru Mansurjon
Razulev iştirak ediblər.
Qeyd edək ki, AQEM-ə 28 ölkə üzvdür. Azərbaycanın sədrliyi dövründə AQEM yanında Biznes Şuraya KOBİA rəhbərlik edəcək.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan inklüziv iqtisadi inkişaf sahəsinə xüsusi diqqət yetirərək qadın sahibkarlara xüsusi önəm verir.
"Mən çox sevinirəm ki, mənim regionumdan – Qazaxıstandan – qadın sahibkarlardan ibarət böyük nümayəndə heyəti buradadır", - o deyib.
Onun sözlərinə görə, sədrlik tərəfindən AQEM Qadınlar Şurasının yaradılması təşəbbüsü, üzv dövlətlər arasında bu sahədə geniş əməkdaşlığın və dialoqun institutlaşması istiqamətində atılmış konkret bir addımdır, o cümlədən qadınların qərar qəbuletmə proseslərində əhəmiyyətli iştirakını təmin etməklə.
"Deyə bilərəm ki, üzv dövlətlər bu yeni məsləhətçi orqanın fəaliyyətinin genişləndirilməsinə böyük maraq göstərirlər.
AQEM üzv dövlətlərini gənc sahibkarlığa xüsusi diqqət yetirməyə çağırıram. Bu baxımdan, aparıcı universitetlərin tərəfdaşlıq şəbəkəsi, gənc alimlərin və tədqiqatçıların potensialını açmaq üçün istifadə oluna bilər. Bizim gənclərimizin Asiyanın davamlı inkişafına əhəmiyyətli töhfə verə bilməsi üçün onların lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin olunması olduqca vacibdir", - Baş katib əlavə edib.
Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov isə qeyd edib ki, Qazaxıstanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi yalnız tranzit üçün deyil, həm də regional sənaye mərkəzinin yaradılması üçün imkanlar yaradır.
O bildirib ki, Qazaxıstanın biznes icması bir neçə ölkənin biznesi ilə enerji, sənaye, kənd təsərrüfatı, logistika, tibb, təhsil, İT, turizm və digər müxtəlif iqtisadiyyat sahələrində fəal əməkdaşlıq edir:
"Ticarət əlaqələrimiz ixrac və idxal həcmlərinin artması və birgə müəssisələrin inkişafı ilə davamlı olaraq böyüyür.
Bizdə yüksək texnoloji potensial var ki, bu da sənaye əməliyyat
məhsullarını qlobal bazarlara çıxarmaq üçün tam imkanlar spektrini
təklif etməyə imkan verir. Bu kontekstdə qeyd etmək istəyirəm ki,
Qazaxıstanın sənaye istehsalı indeksi 2024-cü ildə təxminən 106%
səviyyəsinə çatıb. 2025-ci ilin ilk üç ayında isə istehsalda
davamlı müsbət tendensiya davam edir və artım 8.7%-ə çatıb. Bu da
ölkənin sənaye əməkdaşlığını dərinləşdirmək və qlobal dəyər
zəncirində iştirakını genişləndirmək potensialını əks etdirir.
2025-ci ilin birinci rübünün əsas artım sürətləndiriciləri mexaniki
mühəndislik, ərzaq istehsalı, hazır metal məhsullarının istehsalı
və mədən sənayesi olub".