...

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

İqtisadiyyat Materials 2 Fevral 2026 15:25 (UTC +04:00)
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, “CESI S.p.A” şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpa olunan enerji potensialının araşdırılmasında üç ölkənin, beynəlxalq qurumların və məsləhətçi şirkətlərin ortaq səylərinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələr arasındakı enerji bağlantılarını gücləndirməklə strateji əməkdaşlığı daha da dərinləşdirəcək.

Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadinov tədqiqatdan yüksək nəticələr gözlədiklərini qeyd edərək, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerji inteqrasiyası və aşağı karbonlu keçid üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

İclasda məsləhətçi şirkət “CESI S.p.A”, eləcə də tərəfdaşları Türkiyənin “EPRA” və Böyük Britaniyanın “JURU” şirkətləri tərəfindən birgə həyata keçiriləcək layihənin texniki-iqtisadi əsaslandırmasının başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlər və müvafiq missiyanın təşkili ilə bağlı müzakirələr aparılıb. Növbəti addımlar razılaşdırılıb.

Qeyd edək ki, layihənin icrası məqsədilə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında “Yaşıl Dəhliz Alyansı” - Birgə Müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın “CESI S.p.A” şirkəti beynəlxalq tenderdə qalib elan olunub. Texniki‑iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti