Azərbaycan, Tovuz / Trend , müxbir N.Fətullaeva/ Tovuzda Nəsimi Ticarət Mərkəzi sanitar-gigiyenik tələblərə cavab vermədiyi üçün müvəqqəti olaraq bağlanıb. Etiraz əlaməti olaraq mərkəzin işçiləri çərşənbə axşamı Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkətini bir müddət dayandırıblar.
Tovuz rayon Polis İdarəsinin rəisi Rəşid Səfərov bildirib ki, satıcılara ticarət üçün alternativ yer təqdim olunduqdan sonra yolu açmağa icazə veriblər.
Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Arifə Ağayeva bildirib ki, bazarın bağlanmasına səbəb burada sanitar vəziyyətin acınacaqlı olması olub.
"Biz dəfələrlə bazar rəhbərliyinə bu barədə məlumat vermişik. Xüsusən yeyinti məhsullarının bu vəziyyətdə satılması yolverilməzdir" - deyə o qeyd edib.
Ağayeva əlavə edib ki, bir ay müddətinə bazarda təmir işləri aparılmazsa, onun fəaliyyətinin dəyandırılmasına dair qərar veriləcək.