...

Azərbaycan neft gəlirlərinin istifadəsində düzgün siyasət seçib: Almaniyanın federal iqtisadiyyat naziri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 11:03 (UTC +04:00)
Azərbaycan neft gəlirlərinin istifadəsində düzgün siyasət seçib: Almaniyanın federal iqtisadiyyat naziri ilə müsahibə

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Almaniyanın federal iqtisadiyyat və texnologiya naziri Mixail Qolosla, onun Azərbaycana səfəri öncəsi Trend ın müsahibəsi

- Sizin bu həftə Bakıya səfəriniz planlaşdırılır. Sizin ölkənin iş adamları üçün Azərbaycan iqtisadiyyatının hansı sahələri daha maraqlıdır və Azərbaycan sahibkarları ilə hansı əməkdaşlıq perspektivlərini görürsünüz?

- Almaniya və Azərbaycan arasında iqtisadi əlaqələr 2005-ci ildən dinamik olaraq inkişaf edir: bizim ikitərəfli ticarət dövriyyəmizin həcmi 2006-cı ildə ilk dəfə 1 mlrd. avroluq səddi aşaraq təqribən 1,1 mlrd avroya çatıb. Bu müsbət tendensiya 2007-ci ildə də davam edir və bu hələ başlanğıcdır. Mən bunun genişləndirilməsi üçün güclü potensial görürəm.

Enerji sektoru təbii ki, bizim əməkdaşlığımızın mərkəzində olacaq. Lakin bu yalnız Azərbaycandan Almaniyaya enerji ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Yaxın zamanda bizim əməkdaşlığımız elektrik enerjisi istehsalının, şəbəkələrin təkmilləşdirilməsi, alternativ enerjinin istifadə olunmasını əhatə edəcək. Alman şirkətləri neft-kimya sənayesinin inkişafında öz yardımlarını təklif edirlər. İctimai infrastrukturun təkmilləşdirilməsi, nəqliyyat, xəstəxanaların tikintisini də mən mühüm əməkdaşlıq sahəsi adlandırardım.

Biz hesab edirik ki, Azərbaycan enerji ehtiyatlarının ixracından gələn gəlirin beynəlxalq səviyyədə rəqabət qabiliyyətli emal sənayesi və qeyri neft sektoruna yönəldilməsində düzgün siyasət yürüdür. Alman şirkətləri bu sahənin inkişafına investisiya qoya bilərlər. Məsələn, mən, yüngül sənaye, qida məhsulları emalı, informasiya-kommunikasiya texnologiyaları, maşınqayırma sahələrini sadalaya bilərəm.

- Almaniyada hər il qaza tələbatın artması müşahidə olunur. Bir neçə ildən sonra Xəzər regionu Aİ ölkələrinə gedən bir çox qaz kəmərlərini təmin edə biləcək. Siz, enerji daşıyıcılarının Almaniyaya tədarükünün diversifikasiyasında Xəzər regionuna, xüsusilə Azərbaycana hansı ümidlər bəsləyirsiniz?

- Almaniyanın bu cür tədarüklərin pozulması riskinin azaldılması üçün öz enerji tədarükü mənbələrinin diversifikasiyasında marağı böyükdür. Bu cür layihələr və onların xərci ilə bağlı qərarlar Alman şirkətləri tərəfindən müstəqil həll olunmalıdır. Bu həm enerji ehtiyatlarının Almaniyaya nəqli, həm də yeni boru kəmərləri marşrutlarının istifadəsinə aiddir.

- Almaniya qeyri neft sektorunda hansı istehsal mallarını Azərbaycandan idxal etmək istəyərdi?

- Azərbaycan məhsullarının Almaniyaya ixracında çox mühüm ticarət əngəlləri yoxdur. Azərbaycan ixracatçıları üçün əsas məsələ beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların əlverişli şərtlərlə təklif olunmasıdır. Əlbəttə, bu məsələdə texniki standartlara, beynəlxalq səviyyədə tanınmaya diqqət yetirmək lazımdır. Azərbaycan ixracatçıları üçün mühüm irəliləyiş vasitəsi əlbəttə ki, Almaniyada "Hanover Fair" kimi sərgilərində iştirakdır.

Mən, Azərbaycan ixracatçılarının bu məsələdə artıq əhəmiyyətli uğura nail olmalarını söyləməkdən məmnunam, məsələn, Azərbaycanın Almaniyaya ixracı 2007-ci ilin ilk yeddi ayında təqribən 50 faiz artıb.

- Maliyyə və Bank sahələrində Azərbaycan-Alman əməkdaşlığının genişlənməsi perspektivlərini necə görürsünüz?

- İkitərəfli iqtisadi əlaqələrin genişlənməsində maliyyə sahəsi həlledici rol oynayır. Bu şübhəsiz, Azərbaycan və Almaniya tərəfindən eyni dərəcədə qəbul olunur.

Commerzbank Bakıda nümayəndəliyini açır. Mən bilirəm ki, digər alman bankları da Azərbaycan bazarına çıxışı nəzərdən keçirirlər. Mən bu cür addımları alqışlayacam.

Xəbər lenti

Xəbər lenti