Azərbaycan, Bakı, 19 yanvar / Trend / Azərbaycanın Nazirlər Kabineti miqrasiya axınını nizamlamaq - qanunsuz miqrasiya ilə əlaqədar miqrantları aşkara çıxarmaq və mənfi təmayülü aradan qaldırmaq üçün Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərini artırıb və təstiq edib.
Bu gündən etibarən əcnəbilərə fərdi razılıq Miqrasiya Xidmətinin rəyinə əsasən veriləcək. Viza blanklarının qeydiyyatı Xarici İşlər Nazirliyi ilə yanaşı, Miqrasiya Xidmətində də aparılacaq. Ölkədə müvəqqəti yaşamaq üçün razılıq, qeydiyyatdan keçməyən xarici vətəndaşların vizalarının vaxtının artırılması və əmək fəaliyyəti üçün lisenziya Miqrasiya Xidmətinin rəyi əsasında veriləcək.
Azərbaycanda qanunsuz miqrantları işə götürənlər 38,5 min. manat məbləğində cərimə ödəyəcəklər. Bu cərimədən azad olmaq üçün işəgötürən şəxs Miqrasiya Xidmətinə müraciət edib, gələcək işcisi haqqında arayış almalıdır.
Bunların hamısı ölkədə miqrantların dəqiq statistikasını aparmağa kömək edəcək və qanunsuz miqrantların rəsmi qeydiyyatdan keçən iş yerlərini tutmayaraq əmək bazarına təsir göstərmələrinin, vergilərdən yayınaraq gizli iqtisadiyyatla məşğul olmaqla dövlətə böyük ziyan vurmalarının qarşısını alacaq.
Miqrasiya Xidmətinin məlumatına görə, Azərbaycanda 10 minə yaxın qanunsuz miqrant yaşayır və işləyir. 2007-ci ilin dekabrında qanunsuz əmək miqrantlarının sayı 1698 nəfər olub.
(Leyla Abdullayeva - Trend analitik mərkəzin eksperti)