Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir A.Bədəlova/ Amerikanın Temple Universitetinin professoru Cey Çoi (Jay Choi) hesab edir ki, neft hasil edən ölkələr nefti dollara satmaqdan imtina etdikləri halda, Amerika valyutasının məzənnəsi nəzərəçarpacaq təzyiq altında qala bilər.
Səudiyyə Ərəbistanından sonra OPEK-in üzvləri arasında neft hasilatına görə ikinci olan İraq artıq neft üzrə tranzaksiyaların həyata keçirilməsi zamanı Amerika dollarının istifadəsindən tamamilə imtina etmək barədə qərar qəbul edib. Ötən həftə ölkənin Neft Nazirliyinin nümayəndəsi bildirib ki, neft üzrə bütün hesablamalar "qeyri-dollar valyutalarla" həyata keçiriləcək. Ölkə əvvəllər də onu "heç bir qiymət kəsb etməyən kağız vərəqi" adlandıraraq dəfələrlə Amerika dollarından imtina etmək arzusunda olduğunu bildirib, həmçinin OPEK-ə üzv digər ölkələri neftlə ticarət zamanı digər valyutadan istifadə etməyə çağırıb.
Lakin çərşənbə axşamı Çoinin Trend -a bildirdiyinə görə, yalnız İranın qərarı Amerika dollarının məzənnəsinə güclü təsir edə bilməyəcək. "Bu gün İranın Birləşmiş Ştatlarla yaxın ticarət münasibətləri yoxdur. Digər neft hasil edən ölkələr də İrandan nümunə götürsələr, dollara təzyiq daha nəzərəçarpacaq ola bilər", - o bildirib.
Lakin analitiklər digər ölkələrin İrandan nümunə götürəcəkləri ilə bağlı ehtimalın az olduğunu hesab edirlər. Amerikanın Energy Security Analysis (ESAI) analitik şirkətinin eksperti Endrü Ridin (Andrew Reed) rəyinə görə, yalnız az sayda ölkə "digər valyutadan" istifadə etməyə razılaşacaq.
"Treyderlər buna o qədər də həvəslə razılaşmayacaqlar. Belə ki, hansısa digər valyutaya keçid onarın əməliyyatlarında valyuta risklərinə gətirəcək", - Rid bildirib.
CATO institutunun Hindistan və Asiya ölkələri üzrə eksperti Svaminatan Ayarın (Swaminathan Aiyar) rəyinə görə, İranın öz neftini avro və ya hansısa digər valyutaya satmaq barədə qərarı qısamüddətli perspektivdə dünya üçün heç bir əhəmiyyət kəsb etmir.
Onun sözlərinə görə, həyata keçirilən istənilən hesablamalar cüzi dəyər müqabilində alıcının seçimi üzrə istənilən digər valyutaya dəyişdirilə bilər. "OPEK ölkələrində olduğu kimi, dövlət şirkətlərinin iri neft ixracatçıları olduqları ölkələrdə dollarla hesablamalara üstünlük verilir. Belə ki, onlar öz əcnəbi valyuta ehtiyatlarını məhz Amerika valyutasında saxlayırlar", - Ayar Trend -a bildirib.
Ekspertin rəyinə görə, İranın və OPEK-in digər ölkələrinin neft hesablamalarını dollarla apararaq Amerika iqtisadiyyatına böyük zərbə vura biləcəkləri barədə fikir axmaqlıqdır. "Xatırlayaq ki, Sovet İttifaqı və kommunist ölkələri bloku öz daxili hesablamalarını və Hindistan kimi tərəfdaş ölkələrlə olan hesablamaları rublla həyata keçirirdilər ki, bu da nə
ABŞ, nə də dolların özü üçün heç bir əhəmiyyət kəsb etmirdi", - o bildirib.
Ayarın sözünə görə, dolların gücü neft üzrə hesablamaların dollarla aparılıb-aparılmamasından yox, iqtisadiyyatın inkişafından asılıdır. "Bütün ölkələr öz valyuta ehtiyatlarını digər bir valyuta ilə dəyişdikləri halda Amerika dollarının məzənnəsi düşməyə başlaycaq", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]