Ukrayna, Kiyev, 22 may/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna və Azərbaycan prezidentləri ölkələr arasında münasibətlərin yeni səviyyəsi haqqında bəyanat veriblər.
Ukrayna prezidenti mətbuat xidmətinin məlumatına əsasən, belə bəyanatlar Azərbaycan prezidenti İlham Əliyevin cümə axşamı Ukraynaya səfəri çərçivəsində baş tutan rəsmi naharda verilib.
Xüsusilə də bu gün imzalanan Dostluq və Strateji tərəfdaşlıq haqqında Bəyannamədən danışan Ukrayna dövlətinin başçısı bildirib: "Ukrayna tərəfi üçün bizim dövlətlərimizin öz münasibətlərində strateji tərəfdaş statusuna gəlmələri çox əhəmiyyətlidir. Bizim birgə müəyyən etdiyimiz dəyərlər və vəzifələr yalnız bu günün dəyərləri deyil - bu bizim gələcək üçün fəaliyyət planımızdır".
Öz növbəsində, Azərbaycan prezidenti qeyd edib ki, Ukrayna və Azərbaycan müstəqillik qazandıqları ilk illərdən strateji tərəfdaş olublar. "Bundan sonra da belə olacaq. Bu gün imzalanan sənədlərdə bizim münasibətlərimizin formatı dəqiq müəyyən edilib - dostluq və strateji əməkdaşlıq", - o bildrib və vurğulayıb ki, söhbət xüsusilə də fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək haqqında gedir.
Əliyev xüsusilə qeyd edib ki, Ukrayna və Azərbaycanın dostluğu ölkələrimizin milli maraqlarına əsaslanır. O, gələcəkdə bu münasibətlərin möhkəmlənəcəyinə və Ukrayna və Azərbaycan xalqlarının rifahı naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]