Azərbaycan, Bakı, 05 iyun/ Trend /Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi (XDG) Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma zavodunda (MNP qrupunun tərkibinə daxildir) dedveyti 13 min ton olan tankerin tikintisi barədə sifariş yerləşdirib. Bu barədə cümə axşamı XDG-dən məlumat veriblər. Tanker 2009-cu ilin sonunda istismara veriləcək.
19619 layihəli tankerlər "çay-dəniz" sinfinə aiddir, 12 yük və bir durulducu tankla təchiz olunub. İkiqat bortlarda və ikiqat dibdə ballast bölmələri var. Onun uzunluğu 150 m, eni 17,30 m, bortunun hündürlüyü - 10,5 m, deveyti 13 min tondan çoxdur və bu, liman terminalları yenidən təchiz edilmədən sərbəst şəkildə Xəzərdə istifadə edilə bilən gəmilər üçün maksimal həddir. Gəmi limanlara daxil olmadan 20 sutka dənizdə ola bilər.
Gəmi xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Bir reysdə bir neçə neft məhsulu növünün eyni zamanda yüklənə bilməsi imkanı nəzərdə tutulub.
XDG ilə ilk tankerlərə dair müqavilə 2002-ci ildə bağlanıb. 2006-cı ildə isə, "Prezident Heydər Əliyev", "Babək", "Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud" tankerləri sifarişçiyə verilib və hazırda onlar Xəzər dənizində istismar olunurlar.
Xəzər Dəniz Gəmiçiliyi - iri gəmiçilik şirkətidir. Onun əsas fəaliyyəti, neft və neft məhsulları üstünlük təşkil etməklə, yüklərin daşınmasıdır. Gəmilərin üzdükləri rayonlar - Xəzər, Qara, Aralıq, Mərmərə dənizləridir. Xəzər Gəmiçiliyinin Qara dəniz-Azov hövzəsində işləyən gəmiləri Avropa, Yaxın Şərq və Şimali Afrikanın əcnəbi kirayəçilərinin yüklərinin daşınmasını həyata keçirirlər.
Dəniz və Neft-Qaz Layihələri şirkətlər qrupu (DNQL Qrupu) gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahələrində layihələrin idarə edilməsini həyata keçirən şirkətdir. Qrupa Krasnoe Sormovo zavodu (Nijni Novqorod), Volqoqrad gəmiqayırma zavodu, həmçinin, Sormovo maşınqayırma zavodu (Nijni Novqorod) və Volqoqrad xüsusi maşınqayırma zavodu, həmçinin, Friede & Goldman (ABH) daxildir.