...

Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı keçirilən iclasda baza dərəcəsini 4,25 faiz səviyyəsində dəyişməz saxlamaq barədə qərar qəbul edib.

"Biz qəti surətdə ortamüddətli perspektivdə qiymətlərin sabitliyini təmin etməyə hazırıq", - Bankın rəhbəri Jan-Klod Trişe AMB - nin iclasının yekunları üzrə cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Mərkəzi Bankın rəhbərliyi Avrozonada işgüzar fəallığın azaldığını qeyd edib. Sentyabrda avronun fəaliyyət zonasında işgüzar aktivliyin toplu indeksi, PMİ azalaraq 47 faiz təşkil edib. Avqust üzrə bu göstərici 48,2 faizə bərabər olub.

2007- ci ilin avqustundan 2008 - ci ilin avqustunadək Avrozonada inflyasiya 3,8 faiz təşkil edib. Ötən ay regionda deflyasiya qeydə alınıb və ay ərzində 0,1 faiz olub. Ötən ilin sentyabrı ilə müqayisədə, sentyabrda Avrozonada inflyasiya 3,6 faizədək azalıb.

Trişenin bildirdiyinə görə, illik əsasda inflyasiya qiymətformalaşma üçün zəruri səviyyədən yuxarı olacaq. Bankın inflyasiyasının məqsədli səviyyəsi 2 faiz təşkil edir.

Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti Capital Economics-in iqtisadçısı Cennifer Makkeounun (Jennifer McKeown) cümə axşamı elektron poçtla Trend -a bildirdiyinə görə, Bankın Idarəçilər Şurası hələ də artmış inflyasiya riskləri ilə bağlı narahatdır.

"AMB gələcəkdə əlavə likvidliyin təqdim edilməsi yolu ilə maliyyə bazarlarında gərginliyin azaldılması üçün qəti hərəkət edib", - o bildirib.

2007-ci ildən ilk dəfə olaraq AMB - nin iyulda keçirilən iclasında inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcəsi 0,25 faiz bəndi artırılıb. 4,25 faiz səviyyəsində dərəcə yeddi il ərzində maksimaldır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti