...

Azərbaycanda investisiya şirkətlərinin iştirakı ilə "Agstafasud" kompleksinin tikintisi layihəsinin təqdimat mərasimi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir N.İsmayılova /

Apreldə Azərbaycanda "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı" Dövlət Proqramı çərçivəsində "Agstafasud" kompleksi layihəsinin təqdimat mərasimi keçiriləcək. Bu barədə Almaniyanın RAO Global Group şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin məlumatında bildirilir. Təqdimat kompleks layihələndirmə və tikinti məqsədi ilə keçiriləcək.

"Agstafasud" dörd təsərrüfatı özündə birləşdirir. Layihədə 2400 ha ərazidə yem istehsalı təsərrüfatı, 2400 baş sağmal inəklə təmin olunmuş südçülük təsərrüfatı, Avropa texnikası ilə təchiz edilmiş aqroservis və gündəlik 80 ton istehsal gücü olan süd emalı zavodunun tikintisi nəzərdə tutulub.

Layihə Ağstafa rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Dövlət İnvestisiya Şirkətinin dəstəyi ilə həyata keçiriləcək. Təqdimat RAO Global Group, GEA Westfalia Surge, GEA Westfalia Seperator, Claas Global Sales, Lemken, Grimme, IAK Aqrar Consulting və Wolf system kimi alman şirkətlərinin iştirakı ilə keçiriləcək.

Kompleksin tikintisi layihəsinin təqdimatı aprelin 4-ü səhər saat 11:00-da Ağstafa şəhərində, Heydər Əliyev Mərkəzinin binasında keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Prezidentin İcra Aparatı və dövlət orqanlarının nümayəndələri də tədbirə qatılacaqlar.

Layihənin 2010-cu ilin aprelində istifadəyə verilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti