...

İri Azərbaycan bankı Qətərin maliyyə mərkəzinə daxil olmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2009 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Beynəlxalq Bankı (ABB) Fars körfəzi ölkələri bazarlarında iştirakını genişləndirir və Qətərin beynəlxalq maliyyə mərkəzində ilk törəmə bankını açmağı planlaşdırır. Bu barədə ABB-nin idarə heyətinin sədri Cahangir Hacıyev bildirib.

"Martın sonunda mən Qətər Mərkəzi Bankı və tam olaraq ingilislər tərəfindən idarə olunan Qətər Maliyyə Mərkəzinin rəhbərləri ilə bir sıra görüşlər keçirdim. Görüşlər zamanı Azərbaycan Beynəlxalq Bankına lisenziyanın verilməsi barədə prinsipial razılıq əldə olundu", - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, Qətərdə bank sisteminin lisenziyalaşdırılması göstəriləcək xidmətlərin maksimal siyahısı əldə olunanadək dörd mərhələdə aparılır.

"Çox güman ki, bu, bizim sistem üçün ənənəvi olmayan, islam bankının açılması istiqamətində ilk təcrübəmiz olacaq. Böhranla əlaqədar olaraq Qətərdə adi bankinqdən islam bankinqinə keçid üzrə axın baş verib. Çünki islam bankinqinə depozit yatırımlarına böyük etibar var", - deyə Hacıyev bildirib.

Digər tərəfdən, bu, "gələcəkdə Azərbaycanda da tətbiq etmək üçün islam bankinqi prinsipi üzrə yaxşı iş təcrübəsi olardı". Həmçinin, beynəlxalq maliyyə bazarlarında resurslar tükənib və bu gün onlar əsasən, Səudiyyə Ərəbistanı, Qətər (BP-nin məlumatına görə, 2008-ci il yanvarın 1-nə Qətərdə təsdiq olunmuş qaz ehtiyatları 25,6 trln. kubmetr təşkil edib ) kimi ölkələrdə cəmlənib.

"Buna görə, mən düşünürəm ki, Qətərə vaxtında daxil olmaq lazımdır və biz də buna çalışırıq", - deyə ABB rəhbəri bildirib.

Qətərdə yeni bank üçün minimal tələb 10 mln. dollar təşkil edir, lakin lisenziya üçün bank xidmətlərinin siyahısından asılı olaraq kapital 250 min dollardan başlayır.

"Düşünürəm ki, kiçik kapital ilə bank bazarına daxil olmaq düzgün deyil, biz 10 mln. dollardan başlamağa çalışırıq", - deyə Hacıyev bildirib.

ABB Qətərin maliyyə mərkəzinə daxil olanadək PricewaterHouseCoopers beynəlxalq auditor şirkətinə ABB-nin Qətərdə törəmə strukturunun fəaliyyətinin biznes-planının hazırlanmasını sifariş verib.

Ötən il ABB Dubayda nümayəndəlik açıb.

Hazırda ABB nümayəndəlikləri Frankfurt (Almaniya), London (Böyük Britaniya), Lüksemburq və Nyu-Yorkda fəaliyyət göstərir. Qazaxıstan və Ukraynada da törəmə strukturların açılması ABB-nın gələcək planlarına daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected] 

Xəbər lenti

Xəbər lenti