Azərbaycan, Bakı, 14 may / Trend /
"Mayın 22-də Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökümət Başçıları Şurasının (HBŞ) növbəti iclası keçiriləcək. İclasın gedişində 18 layihə-sənədin nəzərdən keçirilməsi nəzərdə tutulub", - MDB-nin İcraiyyə Komitəsinin məlumatında deyilir.
HBŞ iclasının gündəliyindəki əsas məsələ 2020-ci ilə qədər MDB-nin iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2009-2011-ci illər) realizəsi üzrə tədbirlər planı olacaq.
Strategiyanın məqsədi MDB ölkələrinin iqtisadi inkişafına yeni təkan verilməsi, sabit və balanslaşdırılmış iqtisadi artım və iqtisadi təhlükəsizliyin təminatı, əhalinin həyat keyfiyyəti və rifahının artırılmasıdır. Bunun üç mərhələdə realizə edilməsi planlaşdırılır.
Strategiyanın birinci mərhələsinin tədbirlər planı MDB ölkələrinin 2009-2011-ci illərdə sistemyaradan və əsas iqtisadi münasibətlər sahələrində tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutur.
Plan dünya maliyyə böhranı təsirinin nəticələrinin minimallaşdırılmasının vacibliyi nəzərə alınaraq hazırlanıb və Birlik ölkələrinin iqtisadi sahədə iqtisadi xarakterli problemlərin qarşılıqlı səmərəli həlli yollarının hazırlanması, iqtisadiyyatın davamlı inkişafı üçün həqiqi şəraitin yaradılmasında əməkdaşlığının təmin olunmasını nəzərdə tutur.
Sənəddə həmçinin, dövlətlərin sənaye istehsalı, dövlətlərarası proqramların realizəsində, o cümlədən enerji, nəqliyyat, aqrar-sənaye kompleksində qarşılıqlı fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, istehsal olunan məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, innovasiya texnologiyalarının tətbiqinə diqqət yetirilir. Sosial sahədə əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması, məşğulluq, əmək miqrasiyası qanunvericiliklərinin uyğunlaşdırılması tədbirləri xüsusi aktuallıq qazanır.
Planın xüsusi bölmələri qarşılıqlı ticarət, yanacaq-energetika kompleksi, enerji təminatı, valyuta-maliyyə, kosmik məkanın tədqiqatı və ondan istifadə, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın genişləndirilməsinə aiddir.
HBŞ-nin iclasında MDB ölkələrinin 2009-2010-cu illərdə humanitar əməkdaşlığı sahəsində prioritet tədbirlər planı layihəsi nəzərdən keçiriləcək.
HBŞ-nin müzakirəsinə humanitar mövzuda daha üç sənəd daxildir.
2010-cu ilə qədər MDB ölkələrinin təhsil sahəsində əməkdaşlığı və ümumi təhsil məkanının gələcək inkişafı üzrə tədbirlər planı layihəsi aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: təhsilə normativ-hüquqi çıxışın təminatı, akademik mobillik və təhsil sahəsində əməkdaşlığın inkişafı, təhsilin keyfiyyətinin idarə olunması sisteminin harmonizasiyası, istedadlı gənclərə dəstək verilməsi, birgə elm və təhsil fəaliyyətinin inkişafı, millətlərarası ünsiyyət dili kimi rus dilinin öyrənilməsinə dəstək verilməsi.
Böyüklərin təhsilinin inkişafı konsepsiyasının realizəsi üzrə tədbirlər planı layihəsi ümumi təhsil məkanının formalaşdırılması şəraitinin yaradılmasına istiqamətlənib.
Sərhəd əməkdaşlığının əsas istiqamətlərindən biri olan MDB ölkələrinin sərhəd kitabxanaları bazasında informasiya-kitabxana məkanının formalaşdırılması konsepsiyası layihəsi informasiya-kitabxana məkanının formalaşdırılması üçün qanunvericilik bazasının yaradılması təməlini ehtiva edir. Konsepsiyanın realizəsi üçün 2009-2010-cu illər üçün tədbirlər planı hazırlanıb.
HBŞ-nin iclasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi üzrə müqavilə layihəsi də nəzərdən keçiriləcək. Cinayətkarlıqla mübarizə sahəsinə aid olan informasiya Rusiya Federasiyası DİN-in saxladığı Dövlətlərarası İnformasiya Bankında (DİB) toplanacaq. Müqavilə iştirakçıları bankı MDB-nin müvafiq orqanlarının yararlana biləcəyi yeni məlumatlarla təmin etməlidirlər.
Hökumət başçıları həmçinin, MBD-yə daxil olan üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin (VUS) yaradılması üzrə birgə işlərin planını müzakirə edəcəklər. MDB VUS-un yaradılması üzrə işlərin sifarişçisi qismində RF-nin Federal Miqrasiya Xidməti çıxış edəcək.
Birlikdə Böyük Vətən Müharibəsinin 65 illik yubileyinin bayram edilməsinə böyük hazırlıq gedir və bu məqsədlə əsas tədbirlər planı hazırlanıb. Planda MBD ölkələri, Latviya, Litva, antihitler koalisiyasının üzv ölkələrindən veteranlar və arxa cəbhə zəhmətkeşlərinin iştirakı ilə Moskvada hərbi parad keçirilməsi, veteranların görüşünün təşkil olunması və onların həm MDB sərhədləri daxilində, həm də ondan kənardakı hərbi dəfn yerləri və memoriallara baş çəkməsi, beynəlxalq elmi-praktiki konfransların, simpoziumların, spartakiadaların, idman yarışlarının, müsabiqələrin, festivalların, sərgilərin, memorial tədbirlərin və xatirə aksiyalarının keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən bəziləri hər il keçiriləcək.
Planın böyük hissəsi müharibə iştirakçılarının və onlara bərabər tutulmuş şəxslərin sosial müdafiəsi məsələlərinə həsr edilib. 2010-cu ilə qədər MDB çərçivəsində qəbul edilmiş, 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, müharibə illərinin arxa cəbhə zəhmətkeşlərinin və həlak olmuş hərbçilərin ailələrinə güzəşt və zəmanətlər haqqında beynəlxalq müqavilələrin yerinə yetirilməsi üzrə tədbirlərin təşkili, MDB ölkələrində bütün müharibə iştirakçıları və onlara bərabər tutulan şəxslər üçün ən azı minimum yaşayış səviyyəsi həcmində xüsusi təqaüdlərin verilməsi, tədqiqat aparılması və yerli qanunvericiliyə uyğun olaraq sosial normalar çərçivəsində onların mənzillə təmin olunmasının nəzərdən keçirməsi planlaşdırılır.
Astanadakı iclasda hökumət başçıları həmçinin, "1941-1945-ci il Böyük Vətən Müharibəsindəki qələbənin 65 ili" vahid yubiley medalının hazırlanmasının qaydası haqqında qərar qəbul edicək.
Birlikdə 1979-1989-ci illərdə Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı davam etdirilir. Rəsmi məlumatlara görə, onların sayı 270 nəfərdir: Azərbaycan - 5, Ermənistan - 1, Belarus - 12, Gürcüstan - 1, Qazaxıstan - 19, Qırğızıstan - 4, Moldova - 5, Rusiya - 135, Tacikistan - 4, Özbəkistan - 29, Ukrayna - 55.
HBŞ 1979-1989-ci illərdə Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, dəfn yerlərinin müəyyənləşdirilməsi, eksqumasiya, qalıqların identifikasiyası və onların öz vətənində yenidən dəfni üzrə işlərin davam etdirilməsi layihəsi qərarını müzakirə edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]