Azərbaycan, Bakı, 15 may / Trend /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Dəstək Fondu (SDF) mayın 15-də Yevlax şəhərində "SDF-nin vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda növbəti treninq keçirmişdir. Bu barədə nazirliyin cümə günü yayılmış məlumatında deyilir.
Tədbirdə Mingəçevir şəhərindən, Yevlax və Bərdə rayonlarından olan, kənd təsərrüfatı, sənaye və xidmət sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, SDF-in fəaliyyəti, güzəştli kreditlərindən istifadə qaydaları və s. barədə geniş məlumat verilib.
Cari ildə dövlət büdcəsindən SDF-ə güzəştli kreditlərin verilməsi üçün 74 milyon manat vəsait ayrılıb. Ümumilikdə sahibkarlığın maliyyələşdirilməsinə 130 milyon manatadək vəsaitin ayrılması planlaşdırılır.
Mayın 15-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.