...

"Unibank" Azərbaycan Ipoteka Fondu Tərəfindən buraxılan istiqrazlar bazarının investorlarından biri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend /

"Unibak" Kommersiya Bankı" ASC Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən buraxılan istiqrazlar bazarının sərmayəçilərindən biri olub", - bankın cümə günü yaydığı məlumatda deyilir.

"İyun ayının 16-da "Unibank" Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində fəaliyyət göstərən AİF-in ümumi məbləği 1,354 milyon manat olan 1364 istiqrazını satın alıb. Bu bazarda Bankın sərmayə portfeli, AİF istiqrazlarının Bakı Fond Birjasının hərraclarında keçirilən ilkin yerləşdirmə həcminin (15 milyon AZN) 9%-dən artığını təşkil edib. İpoteka Fondu tərəfindən təmin edilən qiymətli kağızlarının alınması "Unibank"ın menecmenti tərəfindən izafi likvidliyin tənzimlənməsi üçün sərfəli fürsət kimi səciyyələndirilir", - məlumatda bildirilir.

Banka broker xidmətləri onun törəmə şirkəti olan "Unicapital" tərəfindən göstərilib. Fond Birjasının təsisçilərindən və Azərbaycanın qiymətli kağızlar bazarının əsas iştirakçılarından biri olaraq "Unicapital" ASC broker qismində İpoteka Fondunun 15 min istiqrazından 4772-in alınmasını təmin edib. Bu zaman şirkətin broker xidmətlərindən ölkənin daha iki iri özəl bankı faydalanıb.

"Unicapital"ın aparıcı mütəxəssisi Heydər İbrahimlinin sözlərinə görə, hazırda bank institutları likvidliyin tənzimlənməsi üzrə maliyyə alətlərinə böyük ehtiyac duyurlar.

"Broker kimi, biz AİF-nun qiymətli kağızlarının emissiyasını alqışlayırıq və hesab edirik ki, investorların Fondun istiqrazlarına marağı artmaqda davam edəcək", - İbrahimli hesab edir.

Onun fikrincə, istiqrazların ilkin yerləşdirilməsini ixtisaslaşdırılmış ipoteka fondları fəaliyyətinin qiymətli kağızların buraxılması vasitəsi ilə yenidən maliyyələşdirilməsi sahəsindəki alətlərinin Azərbaycan maliyyə bazarında tətbiqi üzrə ilk addım kimi qiymətləndirmək olar.

İpoteka Fondun istiqrazlarının emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən may ayının 29-da qeydiyyata alınıb. Emissiyanın ümumi həcmi, 3%-lik illik faiz dərəcəsi ilə 55 milyon AZN təşkil edir. Buraxılışın prospektinə əsasən, yerləşdirilmə AİF tərəfindən BFB-nın brokeri olan şirkətlər vasitəsilə açıq abunə yolu ilə yerləşdiriləcək.

İyunun 19-na olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.  

Xəbər lenti

Xəbər lenti