Azərbaycan, Bakı, 22 avqust / Trend /
"Azərbaycan Beynəlxalq Bankı - Moskva" MMC müqavilənin şərtlərinə əsasən, 55 milyon dollar həcmindəki sindikatlaşdırılmış krediti ödəyib", - bankın məlumatında deyilir.
Kredit 2008-ci ilin avqustunda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin təminatı altında, 364 gün müddətinə libor + 1,25 faiz dərəcəsi ilə cəlb edilmişdi.
Sindikatlaşdırılmış kreditin aparıcı təşkilatçıları qismində Bayerische Landesbank, Credit Suisse və BANIF - Banco Internacional do Funchal S.A. çıxış etdi. Sövdələşmənin iştirakçıları sırasında Landesbank Baden-Württemberg, Mega International Commercial Bank Co. Ltd., Paris branch, AKA Ausfuhrkredit-Gesellschaft m.b.H., Banque de Commerce et de Placements S.A., Caixa Geral de Depositos S.A., France Branch, Land Bank of Taiwan, Offshore Banking Branch kimi banklar yer almışdı.
Cəlb olunan vəsaitlər ticarət maliyyələşdirilməsi üzrə əməliyyatların aparılması və bankın kredit portfelinin artırılmasına yönəldilib.
Rusiya bazarındakı yeddi illik fəaliyyəti ərzində ABB-Moskva xarici və rus banklarından dəfələrlə sindikatlaşdırılmış və klub kreditləri əldə edib və bütün öhdəliklərinin vaxtlı-vaxtında tam həcmdə yerinə yetirib. Bu da onun etibarlı və işgüzar tərəfdaş statusundan xəbər verir", - məlumatda deyilir.
ABB yarımdövlət bankıdır. Dövlətin ondakı payı 50,2 faizdir.