Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan ilə Rusiya arasındakı "Samur" Nəzarət Buraxılış Məntəqəsində (NBM) həm insanların, həm də nəqliyyat vasitələrinin girş-çıxışında heç bir məhdudiyyət yoxdur. Bu barədə çərşənbə axşamı Azərbaycanın Xaçmaz rayonunda yerləşən NBM-dəki mənbədən bildirilib.
"Rusiya tərəfinin "Yaraq-Qazmalar" NBM-də proqram təchizatının dəyişdirilməsi ilə əlaqədar sərhədin keçilməsi 15 dəqiqə vaxt alır, əvvəl isə bu proses 5 dəqiqəyə həyata keçirilirdi", - mənbədən deyilib.
Onun sözlərinə görə, bir neçə dəqiqə fərqi buraxılış məntəqəsində vaxtaşırı kiçik tıxaclar yaradır ki, bunlar da qısa müddətdə aradan qaldırılır.
"Rusiya tərəfindən serverin yenilənməsi prosesi iki həftə öncə başlayıb, lakin işlərin tamamlanma müddəti hələ məlum deyil", - mənbədən bildirilib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-may aylarında Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi 579,151 milyon dollar təşkil edib. Bu zaman 193,34 milyon dollar həcmində ixrac, 385,7 milyon dollar həcmində isə idxal əməliyyatları həyata keçirilib.
Azərbaycan ərazisi vasitəsilə Rusiyaya yeddi ay ərzində 79,4 min ton yük daşınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]