Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir Ü.İsmayılova /
Almaniya və Avstriya Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) yeni üzvləri olacaqlar. Bu barədə UBCCE və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Ahmet Erentok Toronto (Kanada) şəhərində işgüzar səfər zamanı bir sıra iqtisadi və digər strukturların rəhbərləri ilə görüşündə deyib.
Erentok Atlantik Şurasının, Kanadadakı Türk Dərnəkləri Federasiyasının prezidentləri, Xarici İqtisadi Əlaqələr Şurasının (DEIK) İdarə Heyətinin üzvü, Kanada Azərbaycan Ticarət Mərkəzinin sədri, Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri, eləcə də digər Azərbaycan-Kanada strukturlarının rəhbərləri ilə görüşüb.
Səfər zamanı Erentok regionda ilk olaraq yalnız QHT-lərin birləşməsindən yaranmış Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin fəaliyyəti barədə məlumat verib.
Səfər zamanı gələcək əməkdaşlıq perspektivləri və birgə fəaliyyət də müzakirə olunub.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi 2004-cü ilin aprelində təsis edilib. Birliyin üzvləri Azərbaycan və Türkiyə kapitalı ilə 91 şirkətdir. ATİB üzvlərinin ümumi nizamnamə kapitalı 800 milyon dollar təşkil edir. Azərbaycan iqtisadiyyatında investisiyanın ümumi həcmi 3 milyard dollardan çoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]