Azərbaycan və İsveçrə əmtəə dövriyyəsinin artırılması barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2010 12:45 (UTC +04:00)
Azərbaycan və İsveçrə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yanvarın 18-də Bern şəhərində keçirilən dördüncü iclasının yekununda müqavilə imzalayıblar.
Azərbaycan və İsveçrə əmtəə dövriyyəsinin artırılması barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir N.İsmaylova/

Azərbaycanİsveçrə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yanvarın 18-də Bern şəhərində keçirilən dördüncü iclasının yekununda müqavilə imzalayıblar. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

İclasda Azərbaycanı komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, İsveçrəni isə İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İdarə Heyətinin üzvü Monika Rühul Burzun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Şahin Mustafayev öz çıxışında iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələrin inkişafında İsveçrə Prezidenti Paskal Kuşpenin 2008-ci ilin mayında Azərbaycana,və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabrında İsveçrəyə səfərlərinin xüsusi rol oynadığını qeyd edib.

Mustafayevin sözlərinə görə, bu gün iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair zəruri hüquqi-normativ baza yaradılıb ki, bu da hər iki ölkənin mövcud potensialından istifadə etməklə Azərbaycan və İsveçrə arasında ticari-iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün real imkanlar verir.

İclasda Azərbaycan İsveçrə tərəfinə komissiyanın üçüncü iclasından sonrakı dövr ərzində iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib.

Komissiyanın həmsədri Monika Rühul Burz iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf dinamikasından razılığını ifadə edib və İsveçrə tərəfinin Azərbaycanla ticari-iqtisadi əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dördünücü iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, maliyyə və bank, investisiya, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İclasda Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, Hökumətlərarası Komissiyanın ötən iclasının Protokoluna uyğun olaraq, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın nümayəndə heyətinin tərkibinə Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın, "Azərsu" ASC-nin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri daxil olub.

Səfər çərçivəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev Federal Şuranın İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbəri Jan-Daniel Gerberlə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafında SECO-nun mühüm rol oynadığı vurğulanıb. Görüşdə həmçinin makroiqtisadi siyasət, iqtisadi inkişaf və məşğulluq, özəl sektorun dəstəklənməsi, ticarət, infrastruktur sahələrində Azərbaycan və SECO arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti